İÇƏRİŞƏHƏRDƏ GƏZİNTİ
Oktyabrın 3-də Xorvatiya Prezidenti Stepan Mesiç və onu müşayiət edən nümayəndə heyətinin üzvləri İçərişəhəri gəzmişlər.
“Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyinin “Azərbaycan xalçaları” sərgi salonundan başlanmış gəzinti xalq rəssamı Kamil Əliyevin adını daşıyan Xalça muzeyi, Karvansara və Qız qalası ilə tanışlıqla davam etdirildi.
Xorvatiya Prezidenti naxışlarının zənginliyi ilə fərqlənən xalçalara tamaşa etmiş, onların toxunması prosesini müşahidə etdi. Hörmətli qonağa Azərbaycanda xalçaçılıq sənətinin tarixi barədə məlumat verildi.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Kamran İmanov ötən əsrlərin yadigarı olan qədim qalada yerləşən abidələrin mühafizəsi və bərpası üçün dövlət səviyyəsində görülən tədbirlər barədə Prezident Stepan Mesiçə məlumat verdi.
Xorvatiyalı qonaqlar Karvansarada çay süfrəsi arxasında qədim musiqi alətləri ansamblının ifasında melodiyalara qulaq asdılar. Xorvatiya Prezidenti Bakının rəmzi olan Qız qalası haqqında rəvayəti, digər tarix və memarlıq abidələri haqqında hekayətləri maraqla dinlədi. O, Qız qalasının damından Bakı buxtasının mənzərəsinə tamaşa etdi.