İÇƏRİŞƏHƏRDƏ GƏZİNTİ
AZƏRTAC xəbər verir ki, İsveçrə Konfederasiyasının Prezidenti Paskal Kuşpen və xanımı Brigit Kuşpen mayın 11-də Bakının tarixi hissəsi olan İçərişəhəri gəzmişlər.
Əvvəlcə “Şirvanşahlar sarayı kompleksi” Dövlət Tarix-Memarlıq Muzey-Qoruğuna gələn ali qonağa məlumat verildi ki, XV əsrin əvvəllərində inşa olunmuş Şirvanşahlar sarayı ansamblı Azərbaycan memarlığının nadir incilərindən biridir. Onun tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsindədir. Üç terras-həyətdə yerləşən bu yaraşıqlı ansambl Xəzərdən və şəhərin ətrafındakı yüksəkliklərdən görünür.
Sarayla tanışlıqdan sonra Prezident Paskal Kuşpen və xanımı burada faytonda xatirə şəkli çəkdirdilər.
Nazirlər Kabineti yanında “İşərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Kamran İmanov Azərbaycan Prezidentinin Fərmanı ilə yaradılan idarə haqqında qonaqlara məlumat verdi, ötən əsrlərin yadigarı olan abidələrin qorunması və bərpasına göstərilən dövlət qayğısından danışdı.
Prezident Paskal Kuşpen və xanımı sonra Karvansarada çay süfrəsi arxasında Azərbaycan milli musiqisini dinlədilər. K.İmanov burada İsveçrə Prezidentinə xatirə hədiyyələri təqdim etdi. Ali qonaq və xanımı musiqiçilərlə xatirə şəkli çəkdirdilər, onlara Azərbaycan musiqisi haqqında kitab və CD hədiyyə olundu.
Sonra İsveçrə Prezidenti Qız qalası ilə tanış oldu. Ali qonağa Azərbaycan paytaxtının rəmzi sayılan bu qədim tarixi-memarlıq abidəsi barədə məlumat verildi.
Prezident Paskal Kuşpeni İçərişəhərdə gəzintidə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov müşayiət edirdi.
######
![]() |
![]() |
![]() |
![]() |



