RƏSMİ XRONİKA
İÇƏRİŞƏHƏRDƏ GƏZİNTİ
AZƏRTAC xəbər verir ki, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov və onu müşayiət edən şəxslər mayın 20-də qədim İçərişəhəri gəzmişlər.
Nazirlər Kabineti yanında “İşərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Kamran İmanov Azərbaycan Prezidentinin Fərmanı ilə yaradılan idarə haqqında ali qonağa məlumat verdi, qoruq ərazisində yerləşən, ötən əsrlərin yadigarı olan abidələrin qorunması və bərpasına göstərilən dövlət qayğısından danışdı.
Sonra xalq rəssamı Kamil Əliyevin şəxsi yaradıcılıq xalça muzeyi ilə tanış olan Türkmənistan Prezidentinə müxtəlif çeşnili xalçalar haqqında ətraflı məlumat verildi. Burada nümayiş etdirilən və üzərində türk dünyasının oğulları - Heydər Əliyevin və Mustafa Kamal Atatürkün, habelə, Nizami, Füzuli, Nəsimi, Aleksandr Puşkin və başqa görkəmli şəxsiyyətlərin portretləri toxunmuş xalçalar ali qonaqda və nümayəndə heyətinin üzvlərində xüsusi maraq doğurdu.
Türkmənistan Prezidentinə “Kamil Əliyevin xalça sənəti” kitabı təqdim olundu. Gördüklərindən məmnun qalan ali qonaq isə muzeyə türkmən xalçası hədiyyə etdi.
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Qədim Karvansara, İçərişəhərin baş planı və daş kitabələrlə də tanış oldu.
Qız qalası ilə tanışlıq zamanı ali qonağa Azərbaycan paytaxtının rəmzi sayılan bu qədim tarixi-memarlıq abidəsi barədə məlumat verildi.
K.İmanov Türkmənistan Prezidentinə xatirə hədiyyələri təqdim etdi.
Prezident Qurbanqulu Berdiməhəmmədovu İçərişəhərdə gəzintidə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov müşayiət edirdi.
######