MƏDƏNİYYƏT
İçərişəhərdə müasir musiqi festivalı keçiriləcəkdir
Bakı, 10 oktyabr (AZƏRTAC). Oktyabrın 14-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi, “British Council” və “İrəli” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Qoşa qala qapısı meydanında “Selector” müasir musiqi festivalı keçiriləcəkdir.
“British Council”dən AZƏRTAC-a bildirmişlər ki, İçərişəhəri müxtəlif musiqi janrlarının qovuşacağı məkana çevirəcək festival zamanı özünün rəngarəng bədii tərtibatı ilə fərqlənəcək konsert proqramı baş tutacaqdır. DJ-lərin ifasında “Selector şou”, britaniyalı musiqiçilərinin rok musiqisi ilə yanaşı, “İrəli” urban art klubu üzvlərinin ifasında müasir şəhər mədəniyyətini əks etdirən sənət nümunələri nümayiş olunacaqdır.
“The Selector” Birləşmiş Krallığın ən yaxşı musiqi nümunələrini beynəlxalq səviyyədə nümayiş etdirən, müasir musiqinin bütün janrlarını hindu, qraym, dabstep, xalq, elektro və digər musiqiləri əhatə edən radio proqramdır. Bu proqram dünyanın 30-dan çox ölkəsində, o cümlədən Azərbaycanda İctimai Radio 90 FM dalğasında və “İrəli” radioda yayımlanır.