MƏDƏNİYYƏT
İçərişəhərdə ukraynalı fotoqrafın yaradıcılıq sərgisi açılmışdır
Bakı, 21 iyul (AZƏRTAC). İyulun 21-də İçərişəhərdəki Kiçik Qala-Art Qalereyasında Ukraynanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə Ukrayna Esperanto Assosiasiyasının rəhbəri, tanınmış fotoqraf-rəssam Yevgeni Kovtonyukun fərdi yaradıcılıq sərgisi açılmışdır.
AZƏRTAC xəbər verir ki, Ukraynanın ölkəmizdəki səfiri Aleksandr Mişşenkonun iştirak etdiyi tədbirdə fotoqraf-rəssamın müxtəlif illərdə ərsəyə gətirdiyi 90-dək foto və rəsm əsəri nümayiş olunmuşdur.
Rəssamın “Daxilimizdə və ətrafımızda” ekspozisiyasına daxil olan foto işləri insanla kainat arasındakı harmoniyadan bəhs edir. Bu fotolar ətrafımızdakı dünyanın parlaqlığını və əbədi gözəlliyini göstərir.
Tədbirdə bildirilmişdir ki, Y.Kovtonyukun əsərləri ABŞ-da və Avropanın bir çox ölkələrində uğurla nümayiş olunmuşdur.
Sərgi oktyabrın 10-dək davam edəcəkdir.