İÇƏRİŞƏHƏRLƏ TANIŞLIQ
AZƏRTAC xəbər verir ki, Latviya Respublikasının Prezidenti xanım Vayra Vike-Freyberqa və həyat yoldaşı İmants Freyberqs, Latviya nümayəndə heyətinin üzvləri oktyabrın 4-də Bakının görməli yerləri ilə tanış olmuşlar.
“Şirvanşahlar sarayı kompleksi” Dövlət Tarix-Memarlıq Muzey-Qoruğu ilə tanışlıq zamanı ali qonağa məlumat verildi ki, XV əsrin əvvəllərində inşa olunmuş Şirvanşahlar sarayı ansamblı qədim tarixə malik Azərbaycan memarlığının nadir incilərindən biridir. Onun tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsindədir. Üç terras-həyətdə yerləşən bu yaraşıqlı ansambl Xəzərdən və şəhərin ətrafındakı yüksəkliklərdən görünür.
Sonra Prezident Vayra Vike-Freyberqa və onu müşayiət edən şəxslər “Azərxalça” İstehsalat Birliyinin İçərişəhərdəki sexinə gəldilər. Qonaqlar xalçanın toxunma prosesi ilə maraqla tanış oldular, sərgi salonunda xalçalara baxdılar. Onlara Azərbaycan xalçaları haqqında ətraflı məlumat verildi. Latviya Prezidentinə xalça hədiyyə olundu.
Ali qonaq və onu müşayiət edən şəxslər tanınmış xalça ustası, xalq rəssamı Kamil Əliyevin xalça muzeyində də oldular, onun əsərlərinə tamaşa etdilər. Prezident Vike-Freyberqaya görkəmli sənətkarın əsərlərini əks etdirən kitab təqdim olundu.
Latviyalı qonaqlar Karvansarada da oldular. Ali qonaq və həyat yoldaşı burada çay süfrəsinə dəvət edildilər, Azərbaycan musiqisini dinlədilər.
Həmişə olduğu kimi Qız qalası bu dəfə də öz əzəməti ilə qonaqları heyran qoydu.