İÇƏRİŞƏHƏRLƏ TANIŞLIQ
Tacikistan Prezidenti Emoməli Rəhmon və nümayəndə heyətinin üzvləri avqustun 14-də İçərişəhəri gəzmişlər.
“Azərxalça” Elm-Yaradıcılıq İstehsalat Birliyinin “Azərbaycan xalçaları” sərgi salonundan başlayan gəzinti, xalq rəssamı Kamil Əliyevin şəxsi yaradıcılıq xalça muzeyi, Karvansara və Qız qalası ilə tanışlıqla davam etdirildi.
Tacikistan Prezidenti müxtəlif çeşnili xalçalara maraqla tamaşa etdi, burada gördüklərindən məmnun qaldı. Ali qonağa Azərbaycan xalqının qədim sənətlərindən biri olan xalçaçılıq haqqında məlumat verildi. Qonaqlar burada xalçanın toxunma prosesini də izlədilər.
Kamil Əliyevin şəxsi yaradıcılıq xalça muzeyində ümummilli lider Heydər Əliyev, Atatürk, Nizami, Füzuli, Nəsimi, Aleksandr Puşkin və başqa görkəmli şəxsiyyətlərin portretləri toxunmuş xalçalar qonaqlarda xüsusi maraq doğurdu.
Ali qonağa Azərbaycan Prezidentinin “İçərişəhər” Dövlət tarix-memarlıq qoruğu” haqqında Fərman imzaladığı, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi yaradıldığı barədə məlumat verildi, ötən əsrlərin yadigarı olan abidələrin qorunması və bərpasına göstərilən dövlət qayğısı diqqətə çatdırıldı.
Tacikistanlı qonaqlar Karvansarada çay süfrəsi arxasında Azərbaycan milli musiqisini dinlədilər. Tacikistan Prezidentinə əl ilə toxunmuş xalça, paytaxtımız, İçərişəhər haqqında kitab və videokaset hədiyyə edildi. Prezident Emoməli Rəhmon da öz hədiyyələrini təqdim etdi.
Tacikistan Prezidentinə Bakının rəmzi olan Qız qalası haqqında da məlumat verildi. Qədim tikililərə maraqla tamaşa edən ali qonaq şəhər sakinlərini mehribanlıqla salamladı.