CƏMİYYƏT
İctimai iaşə obyektlərinin sahibləri ilə keçirilən görüşdə onlara bir sıra tövsiyələr verilib
Bakı, 29 noyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə keçirilən mütəmadi görüşləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “İctimai iaşə müəssisələrində aparılan dövlət nəzarəti və monitorinqlər nəticəsində aşkarlanan uyğunsuzluqlar və onların həlli yolları” mövzusunda təşkil olunan növbəti görüşdə monitorinqlər zamanı ictimai iaşə obyektlərinə aşkarlanan uyğunsuzluqların aradan qaldırılması ilə bağlı sahibkarlıq subyektlərinə bir sıra tövsiyələr verilib.
Agentliyin sədr müavini Balarəhim Quliyevin iştirakı ilə ictimai iaşə obyektlərinin sahibləri ilə keçirilən görüşdə bildirilib ki, qanunvericiliyə uyğun olaraq ölkədə istehsal edilən qida məhsulları istehsalçının qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarışı, idxal edilən məhsullar isə qida təhlükəsizliyi sertifikatı ilə təmin edildikdən sonra ictimai iaşə obyektlərinə daxil olmalıdır. Lakin keçirilən monitorinqlər zamanı bu təlimatların, sanitar-gigiyenik qaydaların, mal qonşuluğu prinsipinin, eləcə də məhsulların markalanmasında tələblərin pozulduğu aşkarlanıb. İctimai iaşə obyektlərinin sahiblərinin bununla bağlı təlimata əməl etməli olduğu onların diqqətinə çatdırılıb.
İstehlakçı hüquqlarının pozulduğu bu kimi halların aradan qaldırılması ilə bağlı sahibkarlara təlimatlar verilib və onların sualları cavablandırılıb.