SİYASƏT
İCTİMAİ KOMİTƏ VƏTƏNDAŞ CƏMİYYƏTİ İLƏ HÜQUQ-MÜHAFİZƏ ORQANLARI ARASINDA DİALOQA VƏ ƏMƏKDAŞLIĞA YOL AÇAN MODELDİR
Bakı, 28 oktyabr (AZƏRTAC). Oktyabrın 28-də penitensiar müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsini təmin edən İctimai Komitənin üzvlərinin seçki komissiyası ilə hesabat görüşü keçirilmişdir.
Ədliyyə Nazirliyinin idarə rəisi, seçki komissiyasının sədri Faiq Qurbanov bildirmişdir ki, 2006-cı ildən fəaliyyət göstərən İctimai Komitə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrinə baş çəkmiş, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılmasına, onların ictimai-faydalı əməyə cəlb olunmasına, asudə vaxtlarının səmərəli təşkilinə, hüquqi yardımların göstərilməsinə və digər məsələlərə diqqət yetirmişdir.
Ədliyyə Nazirliyinə müntəzəm şəkildə hesabatlar təqdim olunmuş, yığıncaqlar keçirilmiş, ictimaiyyətə görülən işlərlə bağlı məlumat verilmişdir. Milli Məclisin deputatlarından, ictimaiyyətin nüfuzlu nümayəndələrindən, hüquq mühafizə orqanları işçilərindən və QHT təmsilçilərindən ibarət seçki komissiyası komitənin 3-cü tərkibinin fəaliyyətini qiymətləndirəcək və yeni tərkib formalaşdırılacaqdır.
Seçki Komissiyasının üzvləri İctimai Komitənin fəaliyyətini müsbət qiymətləndirmişlər. Komitənin vətəndaş cəmiyyəti ilə hüquq mühafizə orqanları arasında dialoqa və əməkdaşlığa yol açan nümunəvi model olduğu, ölkəmizdə belə bir mexanizmin fəaliyyətinə beynəlxalq marağın artdığı vurğulanmışdır.
Tədbirdə geniş fikir mübadiləsi aparılmış, qarşılıqlı maraq doğuran suallara aydınlıq gətirilmişdir.