İQTİSADİYYAT
İctimai nəqliyyatda avtobus sürücülərinin əməkhaqqı sisteminə keçidi kart ödəniş sisteminin tətbiq ilə paralel reallaşdırılacaqdır
Bakı, 13 iyun (AZƏRTAC). Sürücülərin əməkhaqqı sisteminə keçməsi paytaxtda ictimai nəqliyyatda daşımaların keyfiyyət və təhlükəsizliyini artırmağa imkan verəcəkdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov jurnalistlərə müsahibəsində demişdir.
O, qeyd etmişdir ki, bu ilin iyun ayında ictimai nəqliyyatda kart ödəniş sisteminin tətbiq ilə paralel olaraq, avtobus sürücülərinin əməkhaqqı sisteminə keçidi də həyata keçiriləcəkdir. Bunun nəticəsində sürücülərin qazanc üçün bir-birilərini təqib edərkən yol hərəkəti qaydalarının pozulması və sürət həddinin artırılmasının qarşısı alınacaq və avtobuslar yalnız təyin edilmiş yerlərdə saxlanılacaqdır.
İctimai nəqliyyatda sərnişindaşımanın keyfiyyətini artırmaq məqsədi ilə daşıyıcıların sayının azaldılması istiqamətində də lazımi işlər görülmüş, nəticədə paytaxtda daşıyıcıların sayı təqribən 210-dan 50-dək endirilmişdir. Daşıyıcılara müvafiq tələblərə uyğun olaraq, sürücüləri işə qəbul etmək tövsiyə edilmişdir. İşə əmək stajı ən azı 3 il olan və yaşı 21-dən az olmayan sürücülər qəbul edilir. Bu zaman sürücülərin şəxsi keyfiyyətləri də nəzərə alınmalıdır. Həmçinin daşıyıcılar xəbərdar ediliblər ki, qəza və insan ölümü baş verəcəyi təqdirdə, onların marşrutlarda fəaliyyəti dayandırılacaqdır.