İQTİSADİYYAT
İctimai nəqliyyatda kart-ödəniş sisteminə tam keçidin 2015-ci ilin yayınadək başa çatdırılması planlaşdırılır
Bakı, 6 mart (AZƏRTAC). Bu ilin sonunadək paytaxtda fəaliyyət göstərən sərnişin avtobuslarının hamısında validatorların quraşdırılması prosesi başa çatdırılacaqdır.
Nəqliyyat Nazirliyi Katibliyinin müdiri Namiq Həsənov AZƏRTAC-a bildirmişdir ki, hazırda 1000-dək avtobusda validator quraşdırılmışdır və bu proses davam edir. Avtobuslarda ödəniş tamamilə kart sisteminə keçənədək sərnişinlər gediş haqqını paralel olaraq nağd da ödəyə biləcəklər. Ümumiyyətlə bu sistemə tam keçidin 2015-ci ilin yayınadək, birinci Avropa Oyunlarına qədər başa çatdırılması planlaşdırılır.
N.Həsənov qeyd etmişdir ki, avtobus sürücüləri kart sisteminə biganə yanaşırlar. Bu barədə Nəqliyyat Nazirliyinin “qaynar xətt”inə məlumatlar daxil olur. Belə halların yolverilməz olduğunu bildirən N.Həsənov bununla bağlı sahibkarların üzərinə ciddi məsuliyyət düşdüyünü demişdir: Sürücünü işə nazirlik deyil, sahibkar götürür. Sahibkarlar da, sürücülər də bilməlidirlər ki, kart sisteminə keçid mütləq prosesdir.