İCTİMAİYYƏTİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ
Mətbuat konfransı başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Mahmud Əhmədinejad muxtar respublika Ali Məclisinin binası qarşısında Naxçıvan şəhəri ictimaiyyətinin nümayəndələri ilə görüşdülər. Ağsaqqallar, gənclər, məktəblilər dövlət başçılarını səmimiyyətlə salamladılar və onların qədim Naxçıvana gəlmələrindən sevinc duyduqlarını bildirdilər.
Prezident Mahmud Əhmədinejad Naxçıvan sakinlərinə təşəkkür edərək, müasir dünyada elmə, mədəniyyətə, təhsilə yüksək qiymət verildiyini söylədi, gələcək nəsillərin savadlı olması üçün gənclərin yaxşı oxumasını tövsiyə etdi. O, yaxşı təhsil almaq üçün şəraitin olmasının zəruriliyini vurğulamaqla yanaşı bildirdi ki, müəyyən dövrdən sonra dövləti indiki gənclərin idarə etməsi üçün onların savadlı olması, yüksək təhsil alması vacibdir.
Prezident İlham Əliyev Azərbaycanda elmə, təhsilə, gənclərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışdı. Dövlətimizin başçısı məhz bu məqsədlə ən ucqar kəndlərdə, o cümlədən ötən gün Şərur rayonunun Ayrınc kəndində müasir tələblərə cavab verən orta məktəb binasının istifadəyə verildiyini xatırlatdı, Azərbaycanın məktəblərinin kompüterlərlə təchiz olunması üçün tədbirlər görüldüyünü bildirdi.