İDMAN
İdmanın Səmti Müəyyən Etmə növü üzrə İsveçdə keçiriləcək beynəlxalq seminarda Azərbaycan da təmsil olunacaqdır
Bakı, 19 yanvar (AZƏRTAC). Yanvarın 30-dan fevralın 3-dək İsveçin Qotenburq şəhərində Beynəlxalq Səmti Müəyyən Etmə Federasiyası (IOF) və İsveç Səmti Müəyyən Etmə Federasiyasının (SOF) birgə təşkilatçılığı ilə VI beynəlxalq “High Level Event Seminar” keçiriləcəkdir.
Azərbaycan Respublikası Səmti Müəyyən Etmə idman Federasiyasından (ARSMEF) AZƏRTAC-a bildirilmişdir ki, bu qurumun Federasiya Şurasının üzvləri də tədbirdə iştirak edəcəklər. Seminara, həmçinin Finlandiya, İtaliya, Norveç, Polşa, Avstriya, Litva, Serbiya və sair ölkələrdən 60-a yaxın iştirakçı qatılacaqdır.
Tədbir səmti müəyyən etmə üzrə idman tədbirlərinin təşkilatçıları üçün nəzərdə tutulmuşdur. Seminar çərçivəsində üç mövzu - “Səmti Müəyyən Etmə üzrə dünya çempionatının (WOC) təşkili”, “Səmti Müəyyən Etmə veteranları arasında dünya çempionatının (WMOC) təşkilatçılığı”, “Tədbirin proqram təminatı (elektron qeydolunma sistemi)” müzakirə ediləcəkdir.