CƏMİYYƏT
İdmanın sürətli inkişafına dair Azərbaycanın uğurlu təcrübəsinə dünyada böyük maraq göstərilir
Bakı, 19 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov Afrika İttifaqının sosial münasibətlər üzrə komissarı xanım Amira El Fadil, Polşanın idman və turizm naziri Vitold Banka və Bolqarıstanın idman naziri Krasen Kralev ilə görüşüb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Azərbaycanda həyata keçirilən idman siyasəti, ölkəmizdə bu istiqamətdə görülən işlər, keçirilmiş və nəzərdə tutulan mötəbər idman tədbirləri, idman yarışlarının yeni kadr potensialının yetişməsindəki önəmi, müxtəlif ölkələrlə təcrübə mübadilələri, respublikamızda fəaliyyət göstərən idman qurğuları və digər məsələlər barədə qonaqlara ətraflı məlumat verib.
Qonaqlar Azərbaycanda uğurlu idman menecmenti, idman qurğularının peşəkar səviyyədə işlədilməsi, antidopinqlə mübarizədə əldə olunan müsbət nəticələr, qaçqın və məcburi köçkün gənclərin idmana daha yaxından cəlb edilməsində Azərbaycanın qazandığı uğurlardan danışıb, təcrübə mübadiləsində maraqlı olduqlarını diqqətə çatdırıblar.
Xatırladaq ki, A.Rəhimov Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Tomas Ayan, Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endrü Parsons ilə də görüşləri olub.