İQTİSADİYYAT
İƏT-ə üzv ölkələrin əmək nazirlərinin II konfransı çərçivəsində qəbul ediləcək sənədlər bütün iştirakçı dövlətlər üçün çox faydalı olacaqdır
Bakı, 25 aprel (AZƏRTAC). Son vaxtlar dünya iqtisadiyyatında baş verən böhran nəticəsində ölkələri sarsıdan sosial problemlər, işsizlik, xüsusilə gənclər və qadınların bu sahədə qarşılaşdıqları çətinliklər təkcə iqtisadi tənəzzülə deyil, hətta bəzi ölkələrdə çox mənfi proseslərə gətirib çıxarmışdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov demişdir. Bildirmişdir ki, Bakıda öz işinə başlamış İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin əmək nazirliklərinin 2-ci konfransının əsas məqsədi İslam ölkələrində əmək, məşğulluq, əməyin məhsuldarlığı, insan kapitalının daha səmərəli istifadəsi, təhsil sisteminin əmək bazarının keyfiyyətcə yüksəlməsinə xidmət etməsi, əmək bazarının iqtisadiyyatın tələblərinə cavab verməsi üçün problemlərin həlli yolunu tapmaqdır.
Füzuli Ələkbərov demişdir ki, sadalanan məsələlərlə əlaqədar 2011-ci ildə əmək nazirlərinin İstanbulda keçirilən ilk konfransında Azərbaycan tərəfdən II konfransın Bakıda təşkil olunması təşəbbüsü irəli sürülmüşdür. İslam ölkələri bu təklifi dəstəkləri nəticəsində bu gün tədbir paytaxtımızda keçirilir. Ümidvaram ki, burada qəbul edilən qətnamə, Bakı Bəyannaməsi və təsdiq olunan çərçivə sənədi bütün iştirakçı dövlətlər üçün çox faydalı olacaqdır.