CƏMİYYƏT
İƏT-in Qadın İnkişaf Təşkilatının ilk icraçı direktoru seçilib
Qahirə, 19 fevral, AZƏRTAC
Ötən il Misirdə təsis konfransı keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qadın İnkişaf Təşkilatı Nazirlər Şurasının virtual formatda baş tutan iclasında ilk icraçı direktor seçilib.
AZƏRTAC xəbər verir ki, şuranın üzvləri yekdilliklə Səudiyyə Ərəbistanının nümayəndəsi professor Əfnan Əl-Şüayibini təşkilatın icraçı direktoru seçiblər.
Göstərilən etimada görə İslam ölkələrinin qadın məsələləri üzrə nazirliklərinin nümayəndələrinə təşəkkürünü bildirən xanım Əl-Şüayibi bildirib ki, İslam ölkələrində qadın hüquqlarının qorunması, gender bərabərliyi, zərif cinsin nümayəndələrinin cəmiyyətin həyatında daha fəal iştirakının təmin edilməsi istiqamətində səylərini əsirgəməyəcək. O əlavə edib ki, rəhbərlik edəcəyi təşkilat BMT-nin 2030-cu ilədək dayanıqlı inkişaf hədəfləri çərçivəsində müxtəlif layihələr həyata keçirəcək.
İƏT Baş katibinin müavini Əhməd Sangendo Qadın İnkişaf Təşkilatının ilk icraçı direktoruna uğurlar arzulayıb və əmin olduğunu bildirib ki, bu yeni qurum İslam Əməkdaşlıq Təşkilatının strukturunda layiqli yerini tutacaq. O, həmçinin təşkilatın fəaliyyətinə dəstək göstəriləcəyini bildirib.
Qeyd edək ki, İƏT-in Qadın İnkişaf Təşkilatının ötən il Qahirədə keçirilən ilk konfransında Azərbaycan da təmsil olunmuşdu.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə