İĞDIR XƏBƏRLƏRİ
Qardaş Türkiyənin İğdır vilayətində çıxan “Güvən” qəzetinin sahibi İsmayıl Aras Azərbaycana dərin məhəbbət bəsləyən, ölkəmizin uğurları ilə öyünən, onların artırılmasını arzulayan iğdırlılardandır. İsmayıl bəy doğma yurdunda baş verən hadisələri yaxından izləyir, görülən işlərdən, həyata keçirilən tədbirlərdən vaxtında xəbər tutur, onları öz qəzetində işıqlandırılmasına çalışır.
İsmayıl Aras həmin xəbərlərdən bir neçəsini AZƏRTAC-a da göndərmişdir.
İĞDIRDA İLK ÖZƏL TƏHSİL OCAĞI YARADILIR
Qafqaz Özəl Tərbiyə və Təlim Şirkəti İğdırda ilk özəl məktəb açmağı planlaşdırır. Bu qurum 1992-ci ildən bəri iğdırlı şagirdlərə müxtəlif universitet və liseylərin qapısını açmışdır.
Aprelin 21-də Əli Kəmərli məhəlləsində məktəb binasının təməlqoyma mərasimi keçirilmişdir. Özəl məktəbdə uşaqların elmlərin əsaslarına yiyələnməsi üçün hər cür şərait yaradılacaqdır. 2007-2008-ci tədris ilində istifadəyə veriləcək təhsil ocağında əsas məktəb və 1-3-cü sinifləri əhatə edən ibtidai məktəb fəaliyyət göstərəcəkdir.
28 İBTİDAİ MƏKTƏBƏ 2 MİN KİTAB PAYLANMIŞDIR
İğdır valisi Saim Saffet Karahisarlının xanımı Fatma Karahisarlı 28 ibtidai məktəbə 2 min kitab hədiyyə etmişdir.
Bu munasibətlə keçirilən yığıncaqlarda Fatma xanım uşaqlara yaxşı oxumağı tövsiyə etmişdir. O, kütləvi informasiya vasitələrinin nümayəndələrinə demişdir ki, gələcəyimizin təminatı olan uşaqlar savadlı böyüməlidirlər. Ona görə də tanışlarımızdan və dostlarımızdan topladığımız kitabları uşaqlara hədiyyə edirik. Savadlı və bilikli nəslin yetişməsi hamımızın qayğısı olmalıdır. Belə tədbirləri müntəzəm olaraq davam etdirəcəyik.
İĞDIRDA TURİZM HƏFTƏSİ KEÇİRİLMİŞDİR
Həftənin açılışı günü Ticarət Məslək Liseyinin rəhbəri Sevda Ata çıxış edərək turizmin əhəmiyyətindən, regionun turizm imkanlarından, bu sahəni inkişaf etdirməyin vacibliyindən danışmışdır. O, xüsusi vurğulamışdır ki, bu gün turizm iqtisadiyyatın böyük sahələrindən biridir.
Həftə ərzində keçirilən tədbirlərdə turizmi inkişaf etdirməklə ölkəni daha yaxşı tanıtmağın mümkünlüyü vurğulanmış, iş adamları müvafiq infrastruktur yaratmağa çağırılmışlar. Tədbirlərin iştirakçıları turizmi milli birliyin möhkəmləndirilməsinin, xalqlar arasında sülhün və əmin-amanlığın bərqərar olmasının əsas amillərindən biri kimi qiymətləndirmişlər.