II HİSSƏ
4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın:
4.1. “Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dövlət büdcəsinın gəlirləri üzrə təsdiq olunmuş göstəricilərin yerinə yetirilməsini nəzarətdə saxlasın və zəruri hallarda müvafiq tədbirlər görsün;
4.2. bu Fərmanın 3.1.2.4.1-ci bəndində (Azərbaycan Respublikasının xaricdə olan səfirlik, konsulluq və başqa diplomatik nümayəndəliklərinin saxlanılması ilə bağlı xərclər), 3.1.4-cü bəndində (Beynəlxalq təşkilatlara üzvlük haqqı xərcləri), 3.1.8.2-ci bəndində (Yerli büdcələrə (bələdiyyələrə) verilən dotasiya), 3.13.1.2-ci bəndində (Dövlət büdcəsinin Ehtiyat Fondu) və 3.13.3.4-cü bəndində (Şimali Atlantika İttifaqı çərçivəsində keçirilən “Sülh naminə tərəfdaşlıq” proqramı və "Fərdi Tərəfdaşlığa dair əməliyyat planı" tədbirləri üzrə xərclər), 3.13.3.7-ci bəndində (Beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı xərclər) nəzərdə tutulmuş vəsaitin bölgüsünü həyata keçirsin;
4.3. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu Fərmanın 3.10.1.1-ci bəndində (Dövlət əsaslı vəsait qoyuluşu) nəzərdə tutulan vəsaitin konkret obyektlər və istiqamətlər üzrə bölgüsünü aparmaqla 15 gün müddətində təsdiq etsin;
4.4. bu Fərmanın 3.12.3.3-cü bəndi ilə müəyyən edilmiş xərclərin istifadə istiqamətləri üzrə bölgüsünü iki ay müddətində təsdiq etsin;
4.5. iri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının vaxtında təsdiq edilməsi və icrasına nəzarət mexanizminin təkmilləşdirilməsi məqsədi ilə tədbirlər görsün;
4.6. 2008-ci il üçün yanacaq-enerji balansını 15 gün müddətində təsdiq etsin;
4.7. Azərbaycan Respublikasının Milli Bankı, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə Azərbaycan İpoteka Fondunun fəaliyyətinin özünümaliyyələşdirmə prinsipinə keçirilməsi və Fondun idarəetmə strukturunun təkmilləşdirilməsi barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın:
5.1. Azərbaycan Respublikası Vergilər Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə 2008-ci il dövlət büdcəsinə nəzərdə tutulan daxilolmaların aylıq və rüblük bölgüsünü həmin orqanlarla 15 gün müddətində razılaşdırıb təsdiq etsin;
5.2. “Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü, 16-18-ci maddələrindən irəli gələn vəzifələrin yerinə yetirilməsini və bu Fərmanın 3.1.7.1-ci bəndində (Daxili borclar üzrə faizlərin və digər öhdəliklərin ödənilməsi) nəzərdə tutulan xərclərin maliyyələşdirilməsini təmin etsin;
5.3. bu Fərmanın 3.1.7.2-ci bəndində (Xarici borclar üzrə faizlərin və digər öhdəliklərin ödənilməsi) nəzərdə tutulmuş vəsaitin bölgüsünü bir ay müddətində həyata keçirsin və onların idarə olunması üçün mövcud qanunvericiliyə uyğun olaraq tədbirlər görsün;
5.4. bu Fərmanın 3.13.3.9-cu bəndində (Dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri) nəzərdə tutulmuş vəsaitin istiqamətlər və təşkilatlar üzrə bölgüsünü iki ay müddətində həyata keçirsin;
5.5. büdcə təşkilatları üzrə ödənişli xidmətlərdən daxilolmalara nəzarəti gücləndirsin və görülmüş işlər barədə ildə bir dəfə, oktyabr ayının 15-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat təqdim etsin;
5.6. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 18.3-cü maddəsinə müvafiq olaraq, ərazi vergi orqanları tərəfindən yerli maliyyə orqanlarına təqdim olunacaq aylıq və rüblük hesabat formalarını Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə razılaşdırıb təsdiq etsin;
5.7. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Milli Bankı ilə birlikdə dövriyyədə olan sərbəst pul kütləsinin səmərəli şərtlərlə qiymətli kağızlar vasitəsilə dövlət büdcəsinə cəlb edilməsi, uzunmüddətli dövlət istiqrazlarının buraxılması və investor şəbəkəsinin genişləndirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirsin;
5.8. xarici valyuta nominallı dövlət istiqrazlarının məbləğini, dövriyyədə olma müddətini və digər parametrlərini müəyyən edərək, onun ilk emissiyasını və beynəlxalq maliyyə bazarlarında yerləşdirilməsi işini davam etdirsin;
5.9. Azərbaycan Respublikasının Milli Bankı tərəfindən mövcud makroiqtisadi şəraitlə bağlı həyata keçirilən tədbirlər, habelə artmaqda olan valyuta ehtiyatlarının yenidən qiymətləndirilməsi hesabına Milli Bankın əlavə xərclərə məruz qalması nəticəsində yaranmış kapital çatışmazlığının “Azərbaycan Respublikasının Milli Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə uyğun olaraq tənzimlənməsi məqsədi ilə onun nizamnamə kapitalına uzunmüddətli dövlət borc öhdəliklərinin yerləşdirilməsini və digər tədbirləri həyata keçirsin;
5.10. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ictimai əhəmiyyətli qurumların Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına, digər mühasibat uçotu subyektlərinin isə Milli Mühasibat Uçotu Standartlarına 2008-ci il yanvar ayının 1-dən keçməsi ilə əlaqədar yeni standartların ölkə ərazisində tətbiqi ilə bağlı nəzarəti gücləndirsin, bu məqsədlə mütəmadi monitorinqlərin və digər zəruri tədbirlərin həyata keçirilməsini təmin etsin;
5.11. aidiyyəti dövlət orqanları ilə birlikdə maliyyə sektorunun inkişafını sürətləndirmək məqsədi ilə bankların və sığorta şirkətlərinin kapitallaşma səviyyəsinin artırılmasının stimullaşdırılması barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.12. beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi, habelə xarici qonaqların qəbulu və onlara xidmət göstərilməsi ilə bağlı dövlət büdcəsi vəsaitinin səmərəli istifadəsini təmin etmək məqsədi ilə “Dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi, habelə xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi üçün dövlət büdcəsində vəsaitin nəzərdə tutulması və xərclənməsi Qaydaları”nı üç ay müddətinə hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
5.13. müvafiq dövlət orqanları ilə birlikdə dövlət büdcəsinin vəsaiti və dövlət zəmanəti ilə alınan kreditlər hesabına aparılan satınalmaların maliyyə təminatının təmin edilməsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.14. dövlət xarici borcunun vəziyyəti barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etsin;
5.15. bu Fərmanın 3.1.2.4.1-ci bəndində (Azərbaycan Respublikasının xaricdə olan səfirlik, konsulluq və başqa diplomatik nümayəndəliklərinin saxlanılması ilə bağlı xərclər), 3.1.4-cü bəndində (Beynəlxalq təşkilatlara üzvlük haqqı xərcləri), 3.1.8.2-ci bəndində (Yerli büdcələrə (bələdiyyələrə) verilən dotasiya) nəzərdə tutulmuş vəsaitlərin bölgüsü bu Fərmanın 4.2-ci bəndinə uyğun olaraq həyata keçirildikdən sonra, il ərzində zərurət yarandıqda, həmin vəsaitlərin daha çevik idarə edilməsi məqsədi ilə “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 18.4-cü maddəsinə uyğun olaraq müvafiq tədbirlər görsün.
6. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Fərmanın 3.1.2.4.2-ci bəndində nəzərdə tutulmuş vəsaitin bölgüsünü bir ay müddətində həyata keçirsin.
7. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə tapşırılsın:
7.1. aidiyyəti dövlət orqanları ilə birlikdə antiinflyasiya tədbirlərinin səmərəliliyinin artırılması, qiymət artımının məhdudlaşdırılması və qarşısının alınması məqsədi ilə antiinhisar qanunvericiliyinin pozulması hallarına yol verən şəxslərə qarşı qanunvericiliyə uyğun təsirli tədbirlərin görülməsini təmin etsin və bu barədə hər il oktyabr ayının 15-dək Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
7.2. ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsində milli sahibkarlıq strukturlarının rolunu artırmaq məqsədi ilə dövlət təşviqi mexanizmlərinin təkmilləşdirilməsi və bu sahədə şəffaflığın artırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
7.3. Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına verilən kreditlərin istiqamətlərini və onların səmərəliliyini, vaxtı çatmış kreditlərin Fonda qaytarılması vəziyyətini mütəmadi olaraq təhlil etsin və bu barədə ildə bir dəfə oktyabr ayının 1-nə olan vəziyyətə dair Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etsin;
7.4. Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin özünümaliyyələşdirmə əsaslarla təşkil edilməsi və onun idarəetmə strukturunun təkmilləşdirilməsi məqsədi ilə müvafiq təkliflərini üç ay müddətində hazırlayıb aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
8. Azərbaycan Respublikasının Vergilər Nazirliyinə tapşırılsın ki, aidiyyəti orqanlarla birlikdə vergi və digər icbari ödənişlər üzrə daxilolmaların vəziyyətini təhlil edib rübdən sonrakı ayın 25-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat təqdim etsin.
9. Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinə tapşırılsın ki, karbohidrogen resurslarına qənaət və regionların enerji təchizatını yaxşılaşdırmaq məqsədi ilə “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın icrası zamanı qarşıya çıxan problemləri həll etmək üçün təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
10. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə tapşırılsın ki, aidiyyəti dövlət orqanları ilə birlikdə dövlət müəssisə və təşkilatlarının, habelə özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrindən səmərəli istifadəni təmin etmək, həmin torpaq sahələrinin icarəyə verilməsi və özəlləşdirilməsi mexanizmlərini təkmilləşdirmək, bu mənbələrdən dövlət büdcəsinə daxilolmaları artırmaq məqsədi ilə müvafiq qanunvericilik aktlarına dəyişikliklərin edilməsi barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
11. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə tapşırılsın ki, Azərbaycan Respublikasının Milli Bankı və digər əlaqədar dövlət orqanları ilə birlikdə beynəlxalq standartlara uyğun xarici borc və beynəlxalq investisiyalar statistikasının təşkili, ümumiləşdirilməsi və yayılması mexanizmlərinin təkmilləşdirilməsinə dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
12. “Azərenerji”, “Azəriqaz”, “Bakıelektrikşəbəkə” və “Sumqayıtelektrikşəbəkə” səhmdar cəmiyyətlərinin, “Şəki Regional Enerji Təchizatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərlərinə tapşırılsın ki, topdansatış qaydasında alınmış və istehlak edilmiş elektrik enerjisi və təbii qazın, mazutun dəyərinin tam ödənilməsi üçün zəruri tədbirlər görsünlər, bu barədə hesabat ayından sonrakı ayın 10-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə və Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinə məlumat təqdim etsinlər.
13. “Azərenerji”, “Azəriqaz”, “Azərsu” səhmdar cəmiyyətlərinin, “Azərikimya” Dövlət Şirkətinin və “Azərbaycan Hava Yolları” Dövlət Konserninin rəhbərlərinə tapşırılsın ki, elektrik enerjisinin, təbii qazın və neft məhsullarının istehlakı ilə bağlı maliyyə intizamının ciddiləşdirilməsi və qarşılıqlı münasibətlərdə kreditor borclarının yaradılmaması üçün təsirli tədbirlər görsünlər və nəticəsi barədə rübdə bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat təqdim etsinlər.
14. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinə və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinə tapşırılsın ki, tabeliklərindəki səmərəli fəaliyyət göstərməyən müəssisə və təşkilatların ləğv edilməsi və ya onların bazasında çevik təsərrüfat mexanizminə malik qurumların yaradılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.
15. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə tapşırılsın ki, dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən geoloji-kəşfiyyat, torpaq islahatı, xəritəçəkmə işlərinin dövlət sifarişi kimi təsdiq olunması üçün təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.
16. Dövlət büdcəsindən maliyyələşən müəssisə və təşkilatların rəhbərlərinə tapşırılsın ki, elektrik və istilik enerjisi, təbii qaz, su təchizatı və rabitə xidmətləri üzrə mövcud borcların ödənilməsi və yeni borcların yaranmaması üçün ciddi tədbirlər görsünlər, xərcləri yalnız bu məqsədlər üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsait (limit) daxilində həyata keçirsinlər.
17. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Fərmanın 3.10.1.3.1-ci bəndində (Naxçıvan Muxtar Respublikasının qazlaşdırılmasının həyata keçirilməsi üçün), 3.10.1.3.2-ci bəndində (Şərur rayonunda idman kompleksinin tikintisi üçün) və 3.10.1.3.3-cü bəndində (Naxçıvan Muxtar Respublikasına təmizlik, yaşıllıq və işıqlandırma sahələrinə maşın və mexanizmlərin alınması üçün) Naxçıvan Muxtar Respublikasının büdcəsinə nəzərdə tutulmuş subvensiyaların icrası barədə rüblük hesabatı rübdən sonrakı ayın 15-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
18. Bu Fərman 2008-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 dekabr 2007-ci il.