REGİONLAR
II Milli Yaylaq Festivalı keçiriləcək
Gəncə, 17 may, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycanda iyulun 29-31-də Gəncədən 22 kilometr məsafədə, Hacıkənd qəsəbəsinə yaxın ərazidə yerləşən əsrarəngiz Xan yaylağında II Milli Yaylaq Festivalı keçiriləcək.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə “Cavadxan” Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov məlumat verib.
O bildirib ki, Festivala yerli iştirakçılarla yanaşı, 22 xarici ölkədən 300-ə yaxın iştirakçının və fəxri qonaqların dəvəti nəzərdə tutulur. Ötən festivalda orijinal üslubda salınan “Yaylaq yurdu” adlı etno-qəsəbədə yaşayış yurdları ilə yanaşı, cıdır meydanı, yaylaq (kənd təsərrüfatı) bazarı, sənətkarlıq guşəsi, “Dədə Qorqud” ocağı, yaylaq yatağı, pəhləvan meydanı, “Aşıq Ələsgər” ocağı, yaylaq süfrəsi və digər tematik sahələr yaradılmışdı. Bu festivalda isə daha möhtəşəm layihələrin həyata keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, I Milli Yaylaq Festivalı 2019-cu il iyulun 26-28-də Gədəbəyin Düzyurd-Miskinli yaylağında keçirilib və ilk festivala 3 gün ərzində 50 mindən artıq ziyarətçi, 16 ölkədən 100-dən çox iştirakçı qatılıb.