MƏDƏNİYYƏT
II Respublika Xalq Teatrları Festivalının seçim mərhələləri başlayıb
Bakı, 15 may, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən II Respublika Xalq Teatrları Festivalının seçim mərhələləri başlayıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, festivalın keçirilməsində məqsəd xalq teatrlarının dəstəklənməsi, onların respublikamızın mədəniyyət və turizm potensialının nümayişində, əhalinin asudə vaxtının təşkilində rolunun artırılmasından ibarətdir. Seçim mərhələsində iştirak edən xalq teatrlarına baxılması, onların sırasından müvafiq olanları final mərhələsi üçün Bakı şəhərinə dəvət edilməsi məqsədilə Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru, Xalq Artisti Vaqif Əsədov rəhbərlik etdiyi münsiflər heyəti regionlara ezam edilib.
Məlumat üçün bildiririk ki, respublikanın paytaxt və bölgələrində 37 xalq teatrı fəaliyyət göstərir. Mədəniyyət müəssisələrində minlərlə insanı özündə birləşdirən xalq teatrlarının fəaliyyətinə nazirlik tərəfindən hərtərəfli qayğı və diqqət göstərilməkdədir. Hazırda seçim mərhələləri davam edən II Respublika Xalq Teatrları Festivalının iyunda Final mərhələsi olacaq.