DÜNYA
İki kredit kartı ölçüsündə superkompyuter yaradılacaqdır
Bakı, 27 mart (AZƏRTAC). “NVIDIA” şirkəti San-Hose şəhərində keçirilən “GPU Technology Conference” konfransında mərkəzi və qrafik prosessorlar arasında məlumat mübadiləsini bir neçə dəfə sürətləndirən interfeys təqdim etmişdir. “NVLink” adlı bağlantı üzrə informasiyanın ötürülmə sürəti saniyədə 80 qiqabayta çatır.
Yeni interfeysin buraxılması 2016-cı ilə planlaşdırılan “Pascal” arxitekturalı qrafik çipə inteqrasiya edilməsi gözlənilir.
Hazırda “GPU” və “CPU” arasında mübadilə sürəti 16 qiqabayt ilə məhdudlaşır. Beləliklə, “NVIDIA”-nın yeni məhsulu müasir “PCI Express” (PCIe) kompyuter şinini 5-12 dəfə üstələyir. Bundan başqa, “NVLink”in fiziki ölçüsünün “PCIe” kartından üç dəfə kiçik olması da əhəmiyyət kəsb edir.
Prosessorlararası interfeys üzrə məlumatların ötürülmə sürətinin artırılması daha güclü və “ağıllı” superkompyuterlərin, eləcə də yeni nəsil oyun fərdi kompyuter və mobil qurğuların yaranmasına səbəb olacaqdır. Bundan əlavə, “NVIDIA”nın yeni arxitekturasından məlumatların təhlili və kompyuter təlimi kimi sahələr faydalanacaqdır.
Qrafik prosessorlar superkompyuterlərdə tez-tez tətbiq olunmaqla mərkəzi prosessorun sürətləndiricisi rolunda çıxış edir. 500 ən güclü sistemlər siyahısında qrafik prosessorlar 53 kompyuterdə istifadə olunmuşdur ki, onun da 38-də “NVIDIA” çipi quraşdırılmışdır. Lakin liderlik siyahıda yer alan superkompyuterlərin 82,4 faizini prosessorlarla təmin edən “Intel” şirkətinə məxsusdur.
“Pascal” çipinə qrafik prosessor və mərkəzi prosessor daxil ediləcək ki, bu da superkompyuteri “iki kredit kartı ölçüsündə yerləşdirməyə” imkan verəcəkdir. Arxitekturada ilk dəfə buraxılış qabiliyyətini, yaddaş tutumunu və enerji səmərəliyini artıran üçölçülü “3D Memory” yaddaş xanası texnologiyasından istifadə ediləcəkdir.