CƏMİYYƏT
İki yeni günərzi qayğı mərkəzi yaradılır
Bakı, 31 mart, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Abşeron rayonunda və Bakının Xəzər rayonunda günərzi qayğı mərkəzləri yaradılır.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, günərzi qayğı mərkəzlərində ixtisaslaşmış mütəxəssislər cəlb olunmaqla sağlamlıq imkanları məhdud uşaqların psixo-sosial reabilitasiyası və onların ailələrinə sosial xidmətlər həyata keçiriləcək.
Uşaqlar fərdi və ya qrup təlimlərinə cəlb olunacaq və onların zəruri vərdişlərə, həyati bacarıqlara yiyələnməsi üçün iş aparılacaq, erkən müdaxilə proqramı, psixoloji diaqnostika və qiymətləndirmə həyata keçiriləcək.
Valideynlərə isə uşaqlara qulluğun təkmilləşdirilməsi üçün məsləhət xidmətləri göstəriləcək, mütəxəssislər cəlb edilməklə onlar üçün valideynlik səriştəliliyinin gücləndirilməsi üçün təlim proqramları təşkil olunacaq.
Həmçinin səyyar psixo-sosial dəstək platforması yaradılacaq və ailələrə sağlamlıq imkanları məhdud uşaqlarla bağlı ev şəraitində görüləcək reabilitasiya məqsədli işlər (böyük və kiçik motorikanın terapiyası, nitq terapiyası, sosial və kommunikativ bacarıqlarının inkişafı) barədə maarifləndirici dəstək xidməti göstəriləcək.
Mərkəzlərdə 18 yaşdan yuxarı əlilliyi olan şəxslərin idman, rəqs, musiqi və digər məşğələlərə, müxtəlif tədbirlərə qoşulmaları da təmin olunacaq.
Günərzi qayğı mərkəzləri sağlamlıq imkanları məhdud uşaqlar üçün 1 saylı və 2 saylı sosial xidmət müəssisələrində qurulacaq.