İKİTƏRƏFLİ SƏNƏDLƏRİN İMZALANMASI
Sentyabrın 11-də, geniş tərkibdə görüş başa çatandan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti İslam Kərimovun iştirakı ilə ikitərəfli sənədlərin imzalanma mərasimi olmuşdur.
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Özbəkistan Respublikasının Dövlət Təbiəti Mühafizə Komitəsi arasında ətraf mühitin qorunması sahəsində əməkdaşlıq haqqında sazişi Azərbaycan tərəfdən ekologiya və təbii ehtiyatlar naziri Hüseynqulu Bağırov, Özbəkistan tərəfdən Baş nazirin müavini Nodirxon Xanov imzaladılar.
Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Özbəkistanın Rabitə və İnformasiyalaşdırma Agentliyi arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında sazişi Azərbaycan tərəfdən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Özbəkistan tərəfdən Baş nazirin müavini Nodirxon Xanov imzaladılar.
Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında dəmiryol nəqliyyatı sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə və kombinə olunmuş daşımaların inkişafına dair tədbirlər haqqında sazişi Azərbaycan tərəfdən nəqliyyat naziri Ziya Məmmədov, Özbəkistan tərəfdən xarici iqtisadi əlaqələr, investisiyalar və ticarət naziri Elyor Qəniyev imzaladılar.
Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında vergi sahəsində əməkdaşlıq və informasiya mübadiləsi haqqında sazişi Azərbaycan tərəfdən vergilər naziri Fazil Məmmədov, Özbəkistan tərəfdən Baş nazirin birinci müavini, maliyyə naziri Rüstəm Əzimov imzaladılar.
Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında məxfi informasiyanın qarşılıqlı surətdə qorunması haqqında sazişi Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, Özbəkistan tərəfdən xarici işlər naziri Vladimir Norov imzaladılar.
Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında humanitar sahədə əməkdaşlıq haqqında sazişi Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, Özbəkistan tərəfdən xarici işlər naziri Vladimir Norov imzaladılar.
Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlığın daha da inkişaf etdirilməsi tədbirləri haqqında sazişi Azərbaycan tərəfdən Baş nazirin birinci müavini Yaqub Eyyubov, Özbəkistan tərəfdən Baş nazirin birinci müavini, maliyyə naziri Rüstəm Əzimov imzaladılar.
######
