ELM VƏ TƏHSİL
İKT SAHƏSİNDƏ DİSSERTASİYA MÖVZULARI MÜZAKİRƏ OLUNMUŞDUR
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutu (İTİ) Elmi Şurasının iclası keçirilmişdir.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, iclasda aspirant və dissertantların dissertasiya mövzuları müzakirə edilmişdir.
İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev ölkəmizdə informasiya cəmiyyətinin formalaşdığı, dövlət strukturlarında idarəçilik işinin təkmilləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirildiyi indiki məqamda “Elektron hökumət”in yaradılmasında yaxından iştirak edən İTİ-nin qarşısında duran mühüm vəzifələri diqqətə çatdırmışdır.
İnstitutun elmi katibi Mədinə Səidova cari ildə aspiranturaya keçirilən qəbul imtahanının nəticələri haqqında məlumat vermişdir. Bildirilmişdir ki, imtahanlar “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi”, “Telekommunikasiya sistemləri və kompyuter şəbəkələri”, “İnformasiyanın mühafizəsi üsulları və sistemləri, informasiya təhlükəsizliyi” ixtisasları üzrə keçirilmişdir. Bu imtahanları müvəffəqiyyətlə vermiş aspirantların “Elektron hökumət” mühitində informasiya resurslarının həyat tsiklinin idarə olunması metodu və alqoritmlərin işlənilməsi”, “Uçuş informasiyasının analitik emalı sisteminin sintezi metodu və alqoritmlərinin işlənməsi”, “On-line mühitində informasiya texnologiyaları mütəxəssislər bazarının idarə olunması üçün intellektual sistemin işlənməsi”, “Elektron hökumət” üçün superkompyuter şəbəkəsinin layihələndirilməsi metodu və alqoritmlərinin işlənməsi” dissertasiya mövzuları müzakirəyə çıxarılaraq qəbul olunmuşdur.
Aspiranturaya qəbul imtahanlarının nəticələri nəzərə alınaraq 3 nəfərin istehsalatdan ayrılmaqla aspiranturaya qəbulu haqqında AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin qarşısında vəsatət qaldırılması qərara alınmışdır.
İclasda həmçinin, ilk dəfə olaraq, İKT sahəsində dissertant kimi qəbul edilmiş İran İslam Respublikasının 7 vətəndaşının elmi işləri haqqında ətraflı məlumat verilmişdir. Dissertantlar tərəfindən təqdim olunan mövzular geniş müzakirə olunmuş, elmi rəhbərlərin fikirləri dinlənilmiş, təklif və tövsiyələr səsləndirilmişdir.
Əlirza Hatəmizadə İranın Təhsil Nazirliyi tərəfindən müxtəlif ölkələrin elmi təşkilatlarının reytinq cədvəlinin hazırlandığını və həmin cədvəldə AMEA İTİ-nin yüksək reytinqli elmi təşkilat kimi qeyd edildiyini nəzərə çatdırmışdır.
R.Əliquliyev İran ilə, digər sahələrdə olduğu kimi, elmi sahədə də sıx əməkdaşlıq əlaqələrinin qurulmasını arzulamışdır.