ELM VƏ TƏHSİL
İKT təlimləri gənclərin inkişafı üçün çox vacibdir
Bakı, 7 fevral, AZƏRTAC
Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun səkkizinci qrant müsabiqəsi çərçivəsində reallaşan “Gənclər üçün İKT təlimləri” layihəsinin yekununa həsr olunmuş tədbir keçirilib.
BANM-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə rektor Elmar Qasımov layihə çərçivəsində keçirilən təlimlərin gənclərin inkişafı üçün vacib istiqamətlərdən olduğunu söyləyib. Qeyd edilib ki, 2016-cı ildə BANM-in tələbələri və müəllimləri Gənclər Fondunun keçirdiyi müsabiqədə 12 qrant layihəsinin qalibi olublar. Rektor deyib ki, Bakı Ali Neft Məktəbinin Gənclər Fondu ilə əməkdaşlığı tələbələrimiz üçün olduqca vacib və əhəmiyyətli məsələdir. Gənclər Fondu gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətləri stimullaşdıran, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirən bir qurumdur.
Gənclər Fondunun sədri Fərhad Hacıyev vurğulayıb ki, bu cür ali təhsil ocaqlarının ölkəmizdə yaradılması dövlətimizin başçısının gənclərə olan yüksək diqqətinin və qayğısının nümunəsidir. BANM-in Gənclər Fondunun müsabiqələrində qalib gəlməsi çox sevindiricidir. Bu sübut edir ki, BANM yüksək səviyyəli mütəxəssislər yetişdirir.
“Gənclər üçün İKT təlimləri” layihəsinin rəhbəri, BANM-in proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının baş müəllimi Abbas Əlili diqqətə çatdırıb ki, təlimin təşkilinin əsas məqsədi orta məktəb şagirdləri arasında elektrik, elektronika, robotiks və avtomatika mühəndisliyinə maraq yaratmaqdır. O, Bakı Ali Neft Məktəbinin rəhbərliyinə və Gənclər Fonduna layihənin həyata keçirilməsində verdikləri dəstəyə görə təşəkkür edib.
Tədbirin sonunda şagirdlərə sertifikatlar və ARDUİNO Uno qurğuları təqdim olunub.
Xatırladaq ki, A.Əlilinin “Gənclər üçün İKT təlimləri” layihəsi Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olub. Layihə çərçivəsində 2016-cı ilin dekabrında və bu ilin yanvarında Mübariz İbrahimov adına Biləsuvar məktəb-lisey kompleksinin, akademik Zərifə Əliyeva adına Liseyin və Suraxanı rayonu 232 nömrəli orta məktəbin şagirdləri üçün təlimlər keçirilib.