ELM VƏ TƏHSİL
İlahiyyat İnstitutunda tələbə seminarı təşkil olunub
Bakı, 25 dekabr, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) ali təhsil müəssisəsinin II kurs tələbəsi Fərid Qasımzadənin təqdimatında “Tələbələrin inkişafında hədəf və məsuliyyətin önəmi” mövzusunda seminar təşkil olunub.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, rektor Ceyhun Məmmədov belə tədbirlərin təşkil olunmasının istedadlı və bacarıqlı tələbələrin üzə çıxarılması, onların bilik səviyyələrinin, bacarıq imkanlarının nümayiş etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Diqqətə çatdırıb ki, Aİİ-nin belə layihələri təşkil etməkdə məqsədi tələbələrin elmi fəaliyyətə marağını artırmaq, bu yöndə onların fəallığına nail olmaq və tələbə mərkəzli təhsil müəssisəsi yaratmaqdır.
Rektor bu tipli seminarların tələbələrin nitq mədəniyyətinin formalaşdırılmasında, ictimai əhəmiyyətli fikirlərinin zənginləşdirilməsində xüsusi rol oynadığını vurğulayıb. Bildirib ki, institutda müxtəlif mövzularda seminarlar, dəyirmi masalar, treninqlər və görüşlər keçirilməsində məqsəd gənclərin dünyagörüşünün, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsidir.
Ceyhun Məmmədov daha sonra ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan, etimaddan bəhs edib. O, ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daim gənclərə dəstək olduğunu vurğulayıb.
Aİİ-nin II kurs tələbəsi Fərid Qasımzadə “Tələbələrin inkişafında hədəf və məsuliyyətin önəmi” mövzusunda məruzə edib.
İslam dinində məsuliyyət anlayışından bəhs edən Fərid Qasımzadə bildirib ki, insan nə qədər bilikli, məlumatlı, savadlı olarsa, lakin məsuliyyət hiss etməzsə, hədəfə çatmaqda çətinliklərlə rastlaşar. O vurğulayıb ki, təhsil, təcrübə və karyera yollarında irəliləmək üçün məsuliyyət hiss etməli və hədəf düzgün seçilməlidir.
Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.