İQTİSADİYYAT
İlin 7 ayında Azərbaycanda pərakəndə əmtəə dövriyyəsinin məbləği 10 faiz artmışdır
Bakı, 9 avqust (AZƏRTAC). Yanvar-iyul aylarında Azərbaycan üzrə pərakəndə əmtəə dövriyyəsinin məbləği 2010-cu ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 8,9 milyard manata çatmışdır.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, istehlak mallarının 14,7 faizi hüquqi, 85,3 faizi fiziki şəxslər tərəfindən satılmışdır. Əhalinin ticarət şəbəkələrində xərclədikləri vəsaitin 5,5 milyard manatı ərzaq məhsullarının, 3,4 milyard manatı isə qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.
İlin yeddi ayında xidmət şəbəkələri vasitəsilə əhaliyə 2,7 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,1 faiz çox pullu xidmətlər göstərilmişdir. Xidmətlərin 77,8 faizi hüquqi, 22,2 faizi fiziki şəxslərin payına düşmüş və onlar müvafiq olaraq əhaliyə 6,8 və 12,9 faiz çox pullu xidmət göstərmişlər.