İQTİSADİYYAT
İlin 7 ayında sənaye sahələrində 18 milyard manatlıq məhsul istehsal olunmuşdur
Bakı, 14 avqust (AZƏRTAC). Azərbaycanın sənaye sahələrində bu ilin yeddi ayında 18 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, sənaye məhsulunun 76 faizi mədənçıxarma bölməsində, 18,3 faizi emal bölməsində, 5,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur.
Yeddi ayda neft hasilatı 27,7 milyon ton, təbii qaz hasilatı isə 15,1 milyard kubmetr təşkil etmiş, qeyri-neft bölməsinin məhsullarından qiymətli metalların, qida məhsullarının, kimya sənayesi məhsullarının, elektrik enerjisinin, elektrik avadanlığının və s. məhsulların istehsalında daha çox artım müşahidə olunmuşdur.
Özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 79,4 faizini təşkil etmiş, ümumi istehsalın 91,9 faizi sənaye mallarının (əmtəələrin), 8,1 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaradılmışdır.