İDMAN
İlk dəfə 22 mərhələdən ibarət olacaq F1-də Azərbaycan Qran-Prisi 2020-ci il iyunun 7-də keçirilə bilər
Bakı, 29 avqust, AZƏRTAC
Formula 1 çempionatı təqviminin yeni layihəsinə görə, ilk dəfə 22 mərhələdən ibarət olacaq F1 yarışlarında Azərbaycan Qran-Prisi 2020-ci il iyunun 7-də keçirilə bilər. Layihə Beynəlxalq Avtomobil İdmanı Federasiyasının Ümumdünya Şurası tərəfindən oktyabrın 4-də təsdiq ediləcək.
AZƏRTAC xəbər verir ki, F1 tarixində ilk dəfə çempionat 22 mərhələdən ibarət olacaq. Onlardan onu Avropada, yeddisi Asiyada, dördü isə Amerikada keçiriləcək. Yürüşlərə martın 15-nə nəzərdə tutulmuş Avstraliya Qran-Prisi ilə start veriləcək. Ənənəyə uyğun olaraq, final mərhələsinin noyabrın 29-da Əbu-Dabidəki Yas-Marina avtodromunda keçirilməsi planlaşdırılır.
2020-ci ildə ilk dəfə Hanoy şəhərindəki trasda aprelin 5-də Vyetnam Qran-Prisi keçiriləcək. Bundan başqa, Niderland Qran-Prisi də Formula 1-ə qayıdır: Zandfortda yürüş mayın 3-nə planlaşdırılıb.
Cari ildə Avstraliya, Azərbaycan, Böyük Britaniya, İspaniyanın promouterləri ilə kontraktlar da yenilənib. Hazırda bu il 90 illiyini qeyd edəcək İtaliya yürüşünün təşkilatçıları ilə danışıqlar davam edir.
2020-ci il təqviminin layihəsi:
15 mart - Avstraliya (Melburn)
22 mart - Bəhreyn (Sahir)
5 aprel - Vyetnam (Hanoy)
19 aprel - Çin (Şanxay)
3 may - Niderland (Zandfort)
10 may - İspaniya (Barselona)
24 may - Monako (Monako)
7 iyun - Azərbaycan (Bakı)
14 iyun - Kanada (Monreal)
28 iyun - Fransa (Le-Kastelle)
5 iyul - Avstriya (Şpilberq)
19 iyul - Böyük Britaniya (Silverstoun)
2 avqust - Macarıstan (Budapeşt)
30 avqust - Belçika (Spa)
6 sentyabr - İtaliya (Montsa)
20 sentyabr - Sinqapur (Sinqapur)
27 sentyabr - Rusiya (Soçi)
11 oktyabr - Yaponiya (Suzuka)
25 oktyabr - ABŞ (Ostin)
1 noyabr - Meksika (Mexiko)
15 noyabr - Braziliya (San-Paulu)
29 noyabr - Əbu-Dabi (Yas-Marina).