ELM VƏ TƏHSİL
İlya Qribkov: Azərbaycanın əqli mülkiyyət sahəsində fəallığını alqışlayırıq
Cenevrə, 30 sentyabr, AZƏRTAC
“Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) və Azərbaycan arasında əməkdaşlıq uğurla irəliləyir və həyata keçirdiyimiz bir neçə layihə mövcuddur. Əqli Mülkiyyət Agentliyi ilə sıx əməkdaşlığımız qurulub və biz Azərbaycanın əqli mülkiyyət sahəsində fəallığını alqışlayırıq”.
Bu fikri ÜƏMT-nin keçid iqtisadiyyatı və inkişaf etmiş ölkələr şöbəsinin Qafqaz, Mərkəzi Asiya və Şərqi Avropa ölkələri sektorunun müdiri İlya Qribkov təmsil etdiyi qurumla Azərbaycan arasında əlaqələrdən söhbət açarkən bildirib. O, AZƏRTAC-ın xüsusi müxbiri ilə söhbətində qeyd edib ki, uğurlu əməkdaşlığa nümunə kimi bu ilin oktyabr ayında Qafqaz, Mərkəzi Asiya və Şərqi Avropa üzrə region ölkələrinin ekspertlərinin cəlb olunduğu böyük iclası qeyd etmək olar. Birgə idarəetməyə həsr olunan iclasda aktual suallara cavab axtarılacaq və bu regional tədbirə Bakının ev sahibliyi edəcəyinə görə, o, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə minnətdarlığını bildirib.
Qeyd edilib ki, bu ilin dekabr ayında Bakıda daha bir tədbirin keçiriləcəyi nəzərdə tutulur və bu tədbir müəlliflik hüquqlarının qorunmasına həsr olunacaq. Avrasiya İqtisadi Birliyi çərçivəsində yeni yaradılan ayrıca hakimlər institutunun Bakıda keçiriləcək bu tədbirinə yerli hakimlər dəvət olunacaq və onların müəlliflik hüququ ilə bağlı qarşılaşdıqları vəziyyət və problemləri bölüşmələri üçün imkan yaradılacaq, həmçinin onlara institut tərəfindən hazırlanmış təkliflər təqdim olunacaq.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə