REGİONLAR
İlyas Əfəndiyev Azərbaycan dramaturgiyasının və nəsrinin qüdrətli nümayəndəsidir
Füzuli, 20 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Dövlət Mükafatı laureatı, “Şöhrət” ordenli, Xalq Yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 100 illiyi Füzuli rayonunda müxtəlif tədbirlərlə qeyd edilir.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətində hazırlanmış tədbirlər planına uyğun olaraq Horadiz şəhərindəki Muğam Mərkəzində “İlyas Əfəndiyev - 100 il” mövzusunda yubiley tədbiri keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzüb, Muğam Mərkəzinin foyesində Xalq Yazıçısının əsərlərindən ibarət kitab sərgisi ilə tanış olublar.
Tədbirdə çıxış edənlər 1914-cü ildə Füzuli rayonunda dünyaya göz açan İlyas Əfəndiyevin həyat və yaradıcılığından, ədəbiyyatımıza verdiyi töhfələrdən danışıblar.
Yubiley mərasimində İlyas Əfəndiyev Azərbaycan dramaturgiyasının və nəsrinin qüdrətli nümayəndəsi kimi xarakterizə edilib. Xalq Yazıçısının 100 illik yubileyinin keçirilməsi barədə Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 16 yanvar tarixli Sərəncamı onun irsinin öyrənilməsi və təbliğində xüsusi əhəmiyyət kəsb etdiyi bildirilib.
Diqqətə çatdırılıb ki, görkəmli nasir və dramaturq İlyas Əfəndiyevin zəngin ədəbi irsi Azərbaycan ədəbiyyatında yeni mərhələnin təşəkkülünə böyük təsir göstərib. Milli-mənəvi dəyərlərə hörmət İlyas Əfəndiyev yaradıcılığının əsas qayəsini təşkil edir. İ. Əfəndiyevin yaradıcılığı üçün səciyyəvi cəhətlərdən biri onun cazibəli, təbii və canlı bir dildə yazmasıdır. Müasir Azərbaycan ədəbiyyatında xüsusi dəst-xətti olan yazıçının “Söyüdlü arx”, “Körpüsalanlar”, “Dağlar arxasında üç dost”, “Sarıköynəklə Valehin nağılı”, “Geriyə baxma, qoca”, “Üçatılan” və digər roman və povestlərinin, “İşıqlı yollar”, “Bahar suları”, “Atayevlər ailəsi”, “Sən həmişə mənimləsən”, “Məhv olmuş gündəliklər”, “Mahnı dağlarda qaldı” kimi dram əsərləri bu gün də sevilə-sevilə oxunur. Respublikamızda teatr səhnəsinin müasir simasının formalaşmasında İlyas Əfəndiyev dramaturgiyasının özünəməxsus yeri vardır.
Sonra rayon mədəniyyət və turizm şöbəsinin Füzuli Dövlət Dram Teatrı ilə birgə hazırladığı “Sən həmişə mənimləsən” adlı ədəbi-bədii məclis keçirilib. Teatrın kollektivi tərəfindən İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən”, “Unuda bilmirəm”, “Mahnı dağlarda qaldı”, “Bizim qəribə taleyimiz” pyeslərindən səhnələr göstərilib.
Yubiley mərasimində Baş nazirin müavini, Xalq Yazıçısı Elçin Əfəndiyev çıxış edərək, atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Tədbir rayon musiqiçilərinin ifasında konsert proqramı ilə başa çatıb.