İMAMZADƏ PİRİNİ ZİYARƏT
Pirin axundu hacı Tahir ziyarətgah haqqında ətraflı məlumat verdi, Allah-Təaladan Prezidentə cansağlığı dilədi, ümummilli lider Heydər Əliyevin ruhuna və Azərbaycan xalqının gələcək firavanlığı, ölkəmizin ərazi bütövlüyünün təmin olunması naminə dua etdi. Din xadimi dedi ki, cənab Prezident, Sizi Gəncədə çox sevirlər. Sizinlə fəxr edirik. Bizim şəhərimiz İlhamsevərlər şəhəridir.
Prezident İLHAM ƏLİYEV təşəkkür edərək dedi:
- Çox sağ olun. Gəncə də mənim üçün çox əziz, doğma şəhərdir. Mən burada dəfələrlə olmuşam. Gəncə bizim qədim şəhərimizdir, Azərbaycanın tarixidir. Müstəqil Azərbaycanın ikinci şəhəridir. Ona görə Gəncəyə xüsusi diqqət, münasibət olmalıdır. Abadlıq, quruculuq işlərini görəndə, yolların salınmasını, camaatın əhval-ruhiyyəsinin yüksəlməsini görəndə mən çox sevinirəm. Mən istəyirəm ki, bu şəhər daha da gözəlləşsin, abadlaşsın.
Bilirsiniz ki, son dövrdə burada birinci təzə binanı, idman kompleksini biz tikdik. İndi hava limanı tikiləcəkdir. Mən qərar qəbul etdim, bu məsələyə baxacağam. Yeni binalar, yaşayış binaları, mehmanxanalar tikiləcək, şəhər, necə deyərlər, öz qədimliyini, tarixi özəlliyini saxlamaq şərtilə müasirləşməlidir. Mən də çalışacağam ki, hamınızla birlikdə, gəncəlilərlə birlikdə buna nail olam. Sağ olun.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva İmamzadə pirini gəzdilər, qurban kəsdirdilər və Azərbaycan naminə nəzir verdilər.