REGİONLAR
İmişlidə 16 min ədəd tut tingi əkilib
İmişli, 18 dekabr, Mahir Babayev, AZƏRTAC
Çindən ölkəmizə gətirilən tut tinglərindən 5 min, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yetişdirilən tinglərdən isə 10 min ədədi İmişlidə əkilib ki, bu da rayonda baramaçılığın inkişafına mühüm töhfə verəcək.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, ting əkiləcək sahələrə əvvəlcədən aqrotexniki qulluq göstərilib, malalama aparılıb, gübrə verilib. Tinglərin əkinində mütəxəssislər yaxından iştirak ediblər. Tut tinglərindən 7 mini Bəcrəvan, 2 min 500-ü Qaragüvən, 1100-ü Muradxanlı, 1100-ü Oruçlu, 1000-i Bəhrəmtəpə, 500-ü Şaverdilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin ərazisində, qalanı isə ayrı-ayrı kümçülərin pay torpaqlarının kənarlarında əkilib. Yeni əkilən tinglərin becərilməsi və mühafizəsi üçün rayonda xüsusi komissiya yaradılıb.
Qeyd edək ki, son üç ildə İmişlidə 68 min ədəd tut tingi əkilib.