İmişlidə çoxmənzilli binaların dam örtüyü yenilənir
İmişli, 2 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC
Respublikamızın hər bir bölgəsində olduğu kimi, İmişlidə də bütün sahələrlə yanaşı, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü işlər görülür. Hazırda İmişli şəhərinin “Meliorator” adlanan yaşayış məntəqəsində yerləşən binaların dam örtüyündə təmir-tikinti işləri aparılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 1970-1980-ci illərdə inşa olunan çoxmənzilli yaşayış binalarının dam örtüklərində uzun illər təmir-bərpa işləri aparılmamışdır. Bu isə yağış yağanda problemlərə səbəb olurdu. Mövcud vəziyyət nəzərə alınaraq, həmin yaşayış məntəqəsinin 7, 8 və 9 saylı çoxmənzilli binalarının dam örtüklərinin yenilənməsinə başlanılıb.
Gələcəkdə İmişli şəhərinin digər ərazilərindəki çoxmənzilli yaşayış binalarının dam örtüklərində də yenilənmə işləri aparılacaq.