İmişlidə fərdi yaşayış evi yanıb
İmişli, 14 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
İmişli rayonunda yanğın hadisəsi baş verib, fərdi yaşayış evi yanaraq külə dönüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə saat 11 radələrində İmişli rayonu Qulubəyli kəndində baş verib. Həmin kəndin sakini Xaləddin İsmayılova məxsus evdə başlayan alov anidən güclənib və evi cənginə alıb. Hadisə zamanı xəsarət alan olmayıb, lakin ümumi sahəsi 60 kvadratmetr olan iki otaqlı ev yanaraq yararsız hala düşüb. Yanğın baş verən əraziyə İmişli rayon yanğından mühafizə xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib. Alov söndürülüb, ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Hadisənin elektrik naqilində yaranan qısa qapanmadan baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.