REGİONLAR
İmişlidə hər gün sahələrdən 400-450 ton pambıq toplanılır
İmişli, 26 oktyabr, Mahir Babayev, AZƏRTAC
Bu mövsüm imişlili pambıqçılar 13 min 645 hektar sahədə pambıq yetişdiriblər. Yığıma mütəşəkkil başlayan sahibkarlar indiyədək plantasiyalardan 13 min 109 ton məhsul toplayaraq qəbul məntəqələrinə göndəriblər. Gün ərzində sahələrdən 400-450 ton xam pambıq toplanılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məhsul istehsalçıları yetişdirdikləri pambığı qısa müddətdə və itkisiz toplamaq üçün bütün qüvvələrini səfərbər ediblər. Dövlət başçısı tərəfindən hər hektarda məhsuldarlığın ən azı 20 sentnerə çatdırılmasının hədəf kimi qarşıya qoyulması torpaq mülkiyyətçilərinin məsuliyyətini daha da artırıb. Onlar bu tövsiyəyə layiqincə əməl etmək üçün becərmənin bütün mərhələlərində bitkiyə aqrotexniki tələblər səviyyəsində qulluq ediblər. Bunun nəticəsində də sahələrdə bol məhsul yetişib.
Rayon pambıqçıları ötən illərdən fərqli olaraq bu mövsüm məhsulun maşınlarla yığılmasına üstünlük veriblər. Hazırda plantasiyalarda 10-dan artıq “Aqrolizing” ASC-nin ölkəyə gətirdiyi “John Deer” şirkətinin “9970” markalı kombayn işləyir və hər gün tədarük olunan məhsulun 69 faizi bu maşınların köməyi ilə toplanılır.
Aranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Əlhümbət Əlkişiyev bildirib ki, Aranlı kəndində fəaliyyət göstərən 55 fermer bu il 1990 hektar sahədə pambıq becərib və indiyə kimi sahələrdən 2600 tondan çox pambıq toplayıb. Məhsuldarlıq orta hesabla 30 sentnerdən çox olur. Hələ sahədə məhsul çoxdur. Təxmini hesablamalara görə sahibkarlar bundan sonra sahələrdən daha 1400 ton pambıq toplaya biləcəklər. Tədarük olunan məhsulun demək olar ki, hamısı maşınların köməyi ilə yığılıb.
Qeyd edək ki, imişlili pambıqçılar bu il sahələrdən 20 min tondan çox məhsul toplamağı qarşıya məqsəd qoyublar.