İmişlidə ikimərtəbəli evdə yanğın olub
İmişli, 2 iyun, Aydın Yavərzadə, AZƏRTAC
İmişli rayonunda evdə yanğın baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün 17 radələrində Yuxarı Qaralar kəndində qeydə alınıb. Vəkil Şıxəliyevaya məxsus ikimərtəbəli evdə başlayan yanğın qısa müddətdə güclənib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Rayon Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Alov söndürülərək ətraf ərazilərə və tikililərə keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində evin yanar konstruksiyaları və əşyaları yanaraq yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.