CƏMİYYƏT
İmişlidə sanitar-texniki qaydalara əməl etməyən çörək sexinin fəaliyyəti məhdudlaşdırılıb
Bakı, 2 dekabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları daxil olan məlumat əsasında İmişli rayonunun M.Əsədov küçəsi, ev 34 ünvanında vətəndaş İbrahimov Xəqani Abbasəli oğluna məxsus çörək sexinə baxış keçiriblər.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu aşkarlanıb. Məlum olub ki, müəssisədə temperatur və rütubət rejiminə əməl edilmir. Un anbarda divarla məsafə gözlənilmədən yığılıb saxlanılır. Müəssisədə istifadə edilən alət və ləvazımatların, çörək yığılan rəfin istismar müddəti keçib, onların dezinfeksiyası normalara uyğun aparılmır.
Çörək bişirilən təndirlərdən 2 metr məsafədə sanitariya qovşağının olduğu, müəssisənin giriş hissəsində isə ev heyvanlarının saxlanıldığı aşkarlanıb.
Yoxlama zamanı xəmir kündələrin üstü un kisələri ilə örtüldüyü, müəssisədə istifadə olunan su mərkəzləşdirilmiş sistemdən götürülsə də, filtrdən keçirilmədiyi, döşəmə, divar və tavan asan yuyulub təmizlənə bilən gigiyenik materiallarla üzlənmədiyi məlum olub.
Müayinələrin aparılması üçün nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim edilib. Qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.