İmişlidə şəhid ailələri ziyarət olunub
İmişli, 29 iyun, Aydın Yavərzadə, AZƏRTAC
Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatı tərəfindən “Unutsaq unudularıq” adlı kampaniya keçirilib. Kampaniya çərçivəsində müqəddəs Qurban bayramı münasibətilə şəhid ailələri ziyarət edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid ailələri ilə görüşdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və əməkdaşlar iştirak ediblər. Görüş zamanı Vətən uğrunda şəhid olan qəhrəman oğullarımızın xatirəsinin hər zaman ehtiramla yad edildiyi diqqətə çatdırılıb. Bildirilib ki, torpaqlarımızın hər bir qarışının işğaldan azad edilməsi üçün canından, qanından keçən şəhidlərimizlə, qazilərimizlə, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti ilə xalqımız qürur duyur. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən qazanılan Böyük Zəfər 30 ilə yaxın davam edən ədalətsizliyə son qoydu. Xalqımızın qəhrəman əsgər və zabitlərinin fədakarlığı, şəhidlərin canı, qanı bahasına Azərbaycanın ərazi bütövlüyü təmin olundu.
Ziyarət zamanı şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya öz dərin minnətdarlıqlarını ifadə ediblər.