REGİONLAR
İmişlidə sənaye məhsulu istehsalı 18,8 faiz artıb
İmişli, 20 avqust, Aydın Yavərzadə, AZƏRTAC
2022-ci ilin yanvar-iyul aylarında İmişli rayonunda fəaliyyət göstərən sənaye müəssisələrində faktiki qiymətlərlə 249 milyon 563,7 min manatlıq məhsul istehsal olunub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 39 milyon 507,2 min manat və ya 18,8 faiz çoxdur.
İmişli Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, istehsal edilən sənaye məhsulunun 4 faizi dövlət, 96 faizi qeyri-dövlət sektorunun payına düşüb. İstehsal olunan sənaye məhsulunun 5 milyon 323,4 min manatı və ya 2,1 faizi mədənçıxarma sənayesi, 233 milyon 798,5 min manatı və ya 93,6 faizi emal sənayesi, 9 milyon 918 min manatı və ya 4 faizi elektrik enerjisi, qazın bölüşdürülməsi və təchizatı sənayesi, 523,8 min manatı və ya 0,3 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sənayesinin payına düşür.
Bu ilin yanvar-iyul aylarında rayonda 19 milyon 56,7 min manatlıq sənaye məhsulu ixrac olunub.