İmişlidə yanğın nəticəsində mal-qara tələf olub
İmişli, 14 aprel, Aydın Yavərzadə, AZƏRTAC
İmişli rayonunda yanğın baş verib. Hadisə nəticəsində xeyli sayda xırda və iribuynuzlu heyvan tələf olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanğın hadisəsi ötən gün rayonun Çaxırlı kəndində qeydə alınıb. Adıçəkilən kənd sakini Azay Babayevə məxsus heyvandarlıq təsərrüfatında başlayan alov daha sonra küləyin təsirindən güclənib. Yanğın tövlə və ətrafdakı ot bağlamalarına keçib.
Təsərrüfat sahibi Azay Babayev bildirib ki, hadisənin başvermə səbəbi hələ ki məlum deyil: “Yanğın zamanı 150 kvadratmetr sahəsi olan tövlə və içərisində 26 baş xırdabuynuzlu, 5 baş iribuynuzlu heyvan, 70-ə yaxın ot bağlaması yanaraq məhv olub. Ümumilikdə yanğın zamanı 20 min manat civarında ziyan dəyib”.
Hadisə yerinə İmişli rayon yanğından mühafizə xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib, alov söndürülərək ətraf ərazilərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.