CƏMİYYƏT
İmişlidə yanğın təhlükəsizliyi və fövqəladə hallarda davranış qaydalarına dair maarifləndirmə tədbiri keçirilmişdir
Bakı, 17 noyabr (AZƏRTAC). Fövqəladə Hallar Nazirliyinin (FHN) Muğan Regional Mərkəzinin əməkdaşları İmişli Rayon İcra Hakimiyyətində “Yanğın təhlükəsizliyi qaydalarına necə riayət etməli” və “Fövqəladə hallarda özünü necə aparmalı?” mövzularında maarifləndirmə tədbiri keçirmişdir.
FHN-dən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə İmişli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşı “Yanğının söndürülməsində maneçilik törədən səbəblər və onların aradan qaldırılmasının yolları”, Muğan Regional Mərkəzinin əməkdaşları isə “Yanğının başvermə səbəbləri və yanğın zamanı hərəkət qaydaları”, “Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və struktur bölmələri” mövzularında çıxış etmişlər.
Son vaxtlar respublikamızda baş vermiş yanğın hadisələri, dəm qazından boğulma halları zamanı həlak olanların, xəsarət alanların sayı, müəssisə və təşkilatlarda yanğın təhlükəsizliyinin təmin edilməsi məsələləri də diqqət mərkəzində olmuşdur.