REGİONLAR
İmişlinin Məzrəli kənd məktəbi görkəmini dəyişib
İmişli, 11 sentyabr, Mahir Babayev, AZƏRTAC
İmişlinin Rəfail Əliyev adına Məzrəli kənd tam orta məktəbinin binası əsaslı təmir işlərindən sonra görkəmini büsbütün dəyişib.
AZƏRTAC xəbər verir ki, 640 şagird yerlik məktəb binası 1980-ci ildə tikilib. Ötən 36 il ərzində binada bir dəfə də olsun təmir işləri aparılmadığından təhsil ocağı yararsız vəziyyətə düşmüşdü. Bu da məktəbdə təlim-tərbiyə işinin təşkilində ciddi çətinliklər yaradırdı.
Yaranmış vəziyyəti aradan qaldırılması üçün bu ilin iyun ayında məktəbdə əsaslı təmir işlərinə başlanılıb. Qısa müddətdə binanın dam örtüyü, qapı və pəncərələri, su və elektrik xətti dəyişdirilib, 23 sinif otağı, fənn kabinetləri, kitabxana, laboratoriya, akt və idman zalları və digər yardımçı tikililər, demək olar ki, yenidən qurulub. Binada müasir istilik sistemi quraşdırılıb. Məktəb yeni avadanlıq, inventar və əyani vəsaitlərlə təchiz olunub. Ərazi abadlaşdırılıb və yaşıllıqlar salınıb. Həyətdə müxtəlif idman qurğuları quraşdırlıb.
Təhsil ocağı sentyabrın 15-də tam yenilənmiş şəkildə müəllim və şagirdlərin istifadəsinə veriləcək.