REGİONLAR
İmişlinin Soltanmuradlı və Ölcələr kəndlərinə ilk dəfə təbii qaz verilib
İmişli, 19 oktyabr, Mahir Babayev, AZƏRTAC
İmişlinin qəsəbə və kəndlərinin qazlaşdırılması uğurla davam etdirilir.
AZƏRTAC xəbər verir ki, qaz verilmiş kənd və qəsəbələrin sırasına, ümumilikdə, 1708 nəfər əhalinin yaşadığı Soltanmuradlı və Ölcələr kəndləri də əlavə olunub.
Kəndlərə təbii qazın verilməsi üçün 27 min 59 metr uzunluqda metal və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 261 ədəd məişət sayğacı qoyulub və bir o qədər də fərdi tənzimləyici quraşdırılıb.
Təbii qazın verilməsi münasibətilə Ölcələr kəndində keçirilən mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev kənd sakinlərini təbrik edib, onlara xoş arzularını çatdırıb.
Rayonda sosialyönümlü layihələrin uğurla yerinə yetirildiyini deyən icra hakimiyyətinin başçısı Vilyam Hacıyev kənd və qəsəbələrin qazlaşdırılmasını bunun əyani nümunəsi kimi dəyərləndirib. Qeyd olunub ki, ilin əvvəlindən indiyədək rayonun 7 yaşayış məntəqəsi qazlaşdırılıb. Soltanmuradlı və Ölcələr kəndləri də daxil olmaqla, rayonun 25 kənd və qəsəbəsində “mavi yanacaq”dan istifadə olunur. Hazırda 11 kənddə bu istiqamətdə işlər davam etdirilir. Yaxın günlərdə digər yaşayış məntəqələrinə də təbii qaz veriləcək.
Kənd sakinləri əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonda rəmzi məşəl yandırılıb və evlərə təbii qazın verilməsinə baxış keçirilib.