IMO nümayəndəsi: Mülki gəmilərə hücumlar səbəbindən Qara dənizdə gəmiçilik demək olar dayanıb
Bakı, 22 sentyabr, AZƏRTAC
Mülki gəmilərə hücumların artması səbəbindən Qara dənizdə gəmiçilik demək olar ki, dayanıb.
AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq Dəniz Təşkilatının (IMO) Dənizdə təhlükəsizlik şöbəsinin direktoru Damyen Şevalye BMT-nin Xəbərlər Xidmətinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, iyun ayından etibarən Qara dənizdə gəmilərə 100-dən çox zərbə endirilib.
“Müxtəlif hücumlar nəticəsində 30-40 dənizçi həlak olub. Hazırda Qara dənizdə gəmilərin hərəkəti üçün təhlükəsiz heç bir ərazi yoxdur”, - deyə IMO nümayəndəsi bildirib və gəmi hərəkətinin demək olar ki, sıfıra endiyini qeyd edib.
D.Şevalyenin sözlərinə görə, mülki gəmilər raketlərdən və pilotsuz uçuş aparatlarından istifadə edilməklə hücumlara məruz qalır: “Belə şəraitdə ekipajlar birbaşa təhlükə ilə üzləşir, gəmiçilik şirkətlərinin, o cümlədən sığorta və ekipajların saxlanılması ilə bağlı xərcləri artır. Münaqişənin əvvəlində Ukrayna limanlarında təxminən 100 gəmi blokadada qalmışdı. Hazırda vəziyyət fərqlidir: Rusiya və Ukraynanın əsas limanlarında orta hesabla bir gəmiyə belə rast gəlinmir. Əvvəllər Ukraynanın təhlükəsiz dəniz dəhlizlərindən istifadə etdiyi dövrdə ilin bu vaxtı regionda təxminən 20-30 gəmi olurdu. Hazırda isə onların sayı demək olar ki, sıfıra enib”.
D.Şevalye böhranın nəticələrinin uzunmüddətli ola biləcəyini vurğulayıb.
“IMO-nun əsas problemlərindən biri yaranmış vəziyyətin ərzaq təhlükəsizliyinə təsiridir, çünki Qara dəniz vasitəsilə taxıl ixracı kəskin azalıb. Münaqişənin səbəbləri IMO-nun səlahiyyətlərindən kənarda olduğuna görə təşkilat onları aradan qaldıra bilməz. Təhlükəsiz gəmiçiliyin bərpası üçün atəşkəs və tərəflər arasında razılaşma əldə olunmalıdır. Bundan sonra IMO regionda gəmiçiliyin bərpası üçün texniki yardım göstərə bilər”, - deyə IMO nümayəndəsi vurğulayıb.