DÜNYA
İmperator Akihito: “Xalqın köməyi ilə İmperator vəzifələrinin öhdəsindən gəldiyimə görə özümü xoşbəxt hiss edirəm”
Tokio, 24 aprel, AZƏRTAC
Aprelin 30-da Yaponiyanın 125-ci monarxı İmperator Akihito taxt-tacı oğlu, vəliəhd-şahzadə Naruhitoya təhvil verir. Son 200 ildən çox bir müddətdə, ilk dəfə olaraq, hələ sağ olan Yaponiya İmperatoru könüllü şəkildə taxt-tacı başqasına ötürür.
AZƏRTAC xəbər verir ki, bu, eyni zamanda, İmperator Akihitonun hakimiyyətdə olduğu Heysey dövrünün başa çatması deməkdir.
Qeyd edək ki, İmperator Akihito 1989-cu ildə, atası vəfat etdikdən sonra 55 yaşında taxta çıxıb. O, müharibədən sonra qəbul edilmiş konstitusiyaya əsasən “dövlətin rəmzi” kimi taxta çıxan ilk İmperator olub.
Taxta çıxdıqdan sonra İmperator Akihito müasir dövrün tələblərinə cavab verən imperator ailəsinin yeni qaydalarını axtarmağa başlayıb. İlk dəfə olaraq o, 1991-ci ildə Yaponiyanın cənub-qərbində vulkan püskürməsindən sonra həmin yerləri ziyarət edib. Təxliyə mərkəzini ziyarət edən İmperator cütlüyü ilk dəfə faciə qurbanlarının qarşısında diz çökərək onların dərdinə şərik çıxıb.
Həmin hadisədən başlamış bu günədək Yaponiyada baş verən bütün təbii fəlakətlər zamanı İmperator cütlüyü qurbanlara təsəlli verməyi özünə borc bilib.
1995-ci ildə Kobedə dəhşətli zəlzələ baş verdikdən sonra da onlar hadisə yerinə baş çəkiblər. 2011-ci ildə Yaponiyanın şimal-şərqində dəhşətli zəlzələ və sunami baş verdikdən sonra da İmperator cütlüyü fəlakət nəticəsində boşalan ərazilərə səfər edib. Yaranmış vəziyyətlə yerində tanış olaraq zərərçəkənlərə mənəvi və maddi yardım əllərini uzadıblar.
İmperator Akihito və İmperatriçə Miçiko sosial cəhətdən zəif insanlara da həmişə böyük diqqətlə yanaşıblar. Hakimiyyətdə olduqları illərdə onlar dəfələrlə yaşlı və fiziki imkanları məhdud olan insanları ziyarət ediblər.
II Dünya müharibəsinin həm Yaponiya, həm də digər ölkələr üçün ağır nəticələri həmişə İmperator Akihitonu dərin düşüncələrə qərq edib. İmperator cütlüyü bu müharibənin ən ağır döyüşlərindən birinin baş verdiyi Okinavanı 11 dəfə ziyarət edərək, burada həlak olan 200 mindən çox insanın ruhuna ehtiramlarını ifadə ediblər.
İmperator Akihito, həmçinin Sakit okean adalarında gedən döyüşlərdə həlak olanlar üçün kədərlənərək hər iki tərəfə ehtiramını ifadə edib.
2016-cı ilin avqustunda İmperator Akihito gözlənilməz bəyanatla çıxış edərək istefa vermək istədiyini bildirib.
“Mənim artıq 80 yaşım var, xoşbəxtlikdən mən hazırda sağlamam. Lakin mən fiziki sağlamlıq səviyyəmin daim azaldığını hiss edirəm və bunun “dövlətin rəmzi” olaraq vəzifələrimin öhdəsindən indiyə qədər olduğu kimi, bütün mahiyyətimlə gəlməyimdə yarada biləcəyi problemlər məni narahat edir”, - deyə o bildirib.
İmperatorun bu bəyanatı hökumətdə böyük çalxalanma yaradıb. Məsələ burasındadır ki, bu addımın necə atılması ilə bağlı heç bir qayda mövcud deyildi. Buna görə də taxtdan imtina ilə bağlı addımların həyata keçirilməsi üçün müvafiq panel yaradılmalı idi.
Bu məqsədlə yaradılan xüsusi dövlət komissiyası 2017-ci ilin yanvarında taxtdan yalnız bir dəfə imtinanı nəzərdə tutan qaydaları hazırlayaraq dərc etdi. Uzunmüddətli müzakirələrdən sonra parlamentdə xüsusi qanun layihəsi qəbul edildi və bununla da yeni plan üçün yaşıl işıq yandırıldı.
2018-ci ilin dekabrında, anadan olmasının 85-ci ili ərəfəsində təşkil olunan mətbuat konfransında İmperator Akihito hakimiyyətdə olduğu dövrü belə şərh etdi: “Hesab edirəm ki, II Dünya müharibəsi zamanı xeyli insan həlak oldu. Müharibədən sonrakı Yaponiyada sülh və inkişaf yapon xalqının böyük səyləri hesabına yarandı. Bu tarixi müharibədən sonra doğulanlara mütləq çatdırmaq lazımdır. Çox şadam ki, Heysey dövrü müharibələrdən azad Yaponiyada başa çatır”.
Cari ilin fevralında taxtda olmağının 30-cu ilinə həsr edilən mərasimdə isə İmperator yapon xalqına minnətdarlığını ifadə edərək deyib: “Xalqın köməyi ilə İmperator vəzifələrinin öhdəsindən gəldiyimə görə özümü xoşbəxt hiss edirəm”.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio