CƏMİYYƏT
“İmtiyazlı vətəndaşlar üçün qanunlar toplusu” kitabının təqdimatı olub
Bakı, 14 iyul, AZƏRTAC
İyulun 14-də Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutu və “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində “İmtiyazlı vətəndaşlar üçün qanunlar toplusu” kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Qaçqın, məcburi köçkün, müharibə veteranları, əlilliyi olan insanlar və məhbusların özlərinin və ailə üzvlərinin sosial problemlərinin həllinə ictimai dəstək” layihəsinin yekunları barədə məlumat verilib.
İnstitut direktorunun müavini Lalə Əhmədova qaçqın, məcburi köçkün, fiziki qüsurlu şəxslər, məhbuslar və müharibə veteranlarının problemlərinin həlli istiqamətində görülən işlərdən və həyata keçirilən tədbirlərdən danışıb. Direktor müavini bildirib ki, layihənin məqsədi həmin şəxslərin və onların ailə üzvlərinin sosial problemlərinin öyrənilərək müsbət həllinə nail olmaq, həmçinin məhbusların cəzaçəkmə müəssisələrindən başlayaraq həyata adaptasiya və reabilitasiyasına yardım göstərməkdir. O, “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi və Moskva Sosial-İqtisadi Humanitar İnstitutu ilə əməkdaşlıq çərçivəsində görülən işlərə nəzər salaraq “İmtiyazlı vətəndaşlar üçün qanunlar toplusu” kitabının qaçqın, məcburi köçkün, fiziki qüsurlu şəxslər, məhbuslar və müharibə veteranlarına həsr edildiyini diqqətə çatdırıb.
“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri Tahir Xudiyev rəhbərlik etdiyi təşkilatın gördüyü işlər barədə məlumat verib və “İmtiyazlı vətəndaşlar üçün qanunlar toplusu” kitabının məziyyətlərindən bəhs edib.
Tədbirdə müxtəlif qurumların nümayəndələri həm kitabın, həm də layihənin əhəmiyyətindən danışaraq görülən işlərə yüksək qiymət veriblər.
Tədbir iştirakçıları “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi üzvlərinin əl işlərindən ibarət satış-sərgi ilə tanış olublar.