İQTİSADİYYAT
İndiyədək 15 ixrac missiyası təşkil olunub
Bakı, 10 iyul, AZƏRTAC
Dövlətimizin başçısının tapşırığına əsasən, qeyri-neft ixracının artırılması məqsədilə dövlət dəstəyi tədbirləri davam etdirilib, indiyədək 15 ixrac missiyası təşkil olunub, ixracatçılar 11 önəmli beynəlxalq sərgidə vahid ölkə stendi ilə iştirak edib, ilkin razılaşmalar və sifarişlər əldə olunub, ixrac müqavilələri imzalanıb, ixrac təşviqinin ödənilməsi davam etdirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Nazir ticarət əlaqələrinin genişləndirilməsi məqsədilə Rusiya, Çin, Birləşmiş Ərəb Əmirliklərində və Şərqi Avropada ticarət nümayəndələrinin fəaliyyət göstərdiyini qeyd edib. Diqqətə çatdırıb ki, Belarusda və Ukraynada Azərbaycan ticarət evləri açılıb, Çində "Şərab Evi"nin, Latviyada və Birləşmiş Ərəb Əmirliklərində ticarət evlərinin ilin sonunadək açılması planlaşdırılır. Heydər Əliyev Fondunun dəstəyi ilə Rusiyanın Həştərxan şəhərində "Azərbaycan İş Mərkəzi" açılıb.
Xarici kütləvi informasiya vasitələrində sahəvi brendlərin reklamı kampaniyasına, "Made in Azerbaijan" brendinin təşviqinə başlanılıb.
Şahin Mustafayev deyib: "Görülən işlərin nəticəsi olaraq, 2018-ci ilin ilk 5 ayında qeyri-neft ixracı 20 faiz, o cümlədən sənaye məhsulları 27 faiz, kənd təsərrüfatı məhsulları 22 faiz, xarici ticarət fəaliyyəti ilə məşğul olan subyektlərin sayı 34 faiz artıb, ixrac məhsullarının çeşidi genişlənib".