DÜNYA
İndoneziya paytaxtının köçürülməsi layihəsində Çin investorları da iştirak edəcək
Bakı, 17 mart, AZƏRTAC
Çindən olan investorlar İndoneziyanın Kalimantan adasının cənub-şərqində yeni paytaxtın tikilməsi layihəsində iştirak edəcəklər.
AZƏRTAC Kompas informasiya portalına istinadla xəbər verir ki, bu barədə jurnalistlərə İndoneziyanın dəniz işləri və investisiyalar üzrə nazir-əlaqəndiricisi Luhut Binsar Pancaitan məlumat verib. Onun sözlərinə görə, ABŞ və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan tərəfdaşlar İndoneziya İnvestisiya Fondu vasitəsilə layihəyə artıq 20 milyard dollar yönəldiblər. Bundan əlavə, cinli biznesmenlərin BƏƏ-dən olan investorlarla birlikdə daha 20 milyard dollar qoyacağı gözlənilir.
Xatırladaq ki, İndoneziya Prezidenti Coko Vidodo paytaxtın Cakartadan köçürülməsi planını 2019-cu ildə elan etmişdi. Ölkənin Kalimantanda tikiləcək yeni paytaxtının 2024-cü ildə meydana gələcəyi planlaşdırılmış və bu məqsədlə ilkin olaraq 32 milyard dollara yaxın vəsait ayrılmışdı. Lakin koronavirus pandemiyası səbəbindən layihə dayandırılmışdı. Hazırda onun iki ildən sonra bərpa olunması gözlənilir.
Dövlət başçısı bu ilin əvvəlində elan edib ki, yeni paytaxt Nusantara (tərcüməsi - “Arxipelaq”) adlanacaq.