DÜNYA
İndoneziyada Bromo vulkanı fəallaşıb
Tokio, 18 oktyabr, AZƏRTAC
İndoneziyanın Yava adasının şərqində yerləşən Bromo vulkanı oktyabrın 18-də dəniz səviyyəsindən 2329 metr yüksəkliyə kül püskürüb. Bu barədə İndoneziyanın Vulkanologiya və Geoloji Risklərin Azalması Mərkəzinin rəhbəri Hendra Qunavan məlumat verib.
Vulkanoloqun sözlərini sitat gətirən ANTARA agentliyi yazır: “Vizual müşahidələr təsdiq edir ki, Bromo rayonunda vulkanik kül yağışı müşahidə olunur”.
Bununla əlaqədar İVGRAM “odlu dağ”ın turistlər tərəfindən ziyarətinə məhdudiyyət qoyaraq, kraterə 2,5 kilometrdən çox yaxınlaşmağı qadağan edib.
Çox da böyük olmayan Bromo krateri böyük yaşayış məntəqələrindən kənarda yerləşir. Bu vulkan XX əsrdə üç dəfə püskürüb. 2010-cu ildə baş verən püskürmə zamanı təhlükə çox olduğuna görə İndoneziyanın Vulkanologiya və Geoloji Risklərin Azalması Mərkəzi təhlükə dərəcəsini birbaşa dördüncü səviyyədə müəyyən etmişdi.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio